Bu gün Polad Həşimov, İlqar Mirzəyev və daha 5 hərbçimizin şəhid olmasından 5 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Polad Həşimov, İlqar Mirzəyev və daha 5 hərbçimizin şəhid olmasından 5 il ötür

Qafar Ağayev09:31 - Bu gün
Bu gün Polad Həşimov, İlqar Mirzəyev və daha 5 hərbçimizin şəhid olmasından 5 il ötür

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

1news.az xatırladır ki, Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.

İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olur. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalırlar.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər