Azərbaycana bəzi ərazilərdən heyvan və quş xəstəliklərinə görə idxal müvəqqəti dayandırılıb

Azərbaycana heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub.
1news.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərində dabaq xəstəliyi, Şimali Makedoniyanın Şimal-Şərqi, Pelaqoniya, Şərq regionlarında, Sloveniyanın Notransk-Kraşka regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniya Krallığının Estremadura muxtar icmasında, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
"Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub", - qurumdan əlavə olunub.