Azərbaycan və Çin arasında icbari tibbi sığorta sahəsindəki əməkdaşlıq imkanları müzakirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Çin arasında icbari tibbi sığorta sahəsindəki əməkdaşlıq imkanları müzakirə edilib

Qafar Ağayev17:09 - 24 / 07 / 2025
Azərbaycan və Çin arasında icbari tibbi sığorta sahəsindəki əməkdaşlıq imkanları müzakirə edilib

İyunun 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərə toxunulub, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Zaur Əliyev ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, əhalinin tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi, eləcə də, agentliyin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bundan əlavə, Çinin COVID-19 pandemiyası dövründə Azərbaycana tibbi ekspert qrupu və peyvənd dəstəyi göstərdiyini diqqətə çatdırıb.

Öz növbəsində səfir Lu Mey məlumat verib ki, Çinin səhiyyə sistemində əldə olunan rəqəmsallaşma təcrübəsi, tibbi sığortanın idarəolunması üzrə yanaşmalar və tibb müəssisələrinin maliyyələşmə modelləri sahəsində Azərbaycanla bilik və təcrübə mübadiləsində maraqlıdır. Səfir, həmçinin vurğulayıb ki, Çin Milli Tibbi Sığorta İdarəsinin fəaliyyəti İTSDA-nın funksiyaları ilə bir çox baxımdan oxşarlıq təşkil edir. Bu sahədə daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məqsədəuyğun olduğunu bildirib.

Tərəflər agentlik ilə Çin Milli Tibbi Sığorta İdarəsi arasında əlaqələrin qurulması, tibb heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim proqramlarının təşkili, Çin tərəfindən təqdim edilən texniki yardım proqramları çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində müzakirələr aparıblar.

Görüşdə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyi vurğulanıb.

Paylaş:
148

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər