Ağdərənin Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərənin Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:59 - 24 / 07 / 2025
Ağdərənin Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərə rayonunun Həsənriz kəndinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin növbəti köçü olub.

1news.az Trend-ə istinadən xəbər verir ki, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Həsənriz kəndinə 114 nəfər köçürülüb.

Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.

Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz, işıq və internet xidmətləri aktivdir. Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür.

S.Qəhrəmanov sakinlərin işlə təminatında da kömək göstəriləcəyini deyib.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 olub. 566 nəfər Həsənrizə qayıdıb.

***

12:28

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə kəndə 29 ailə - 114 nəfər köçürülüb

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Əlavə edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Paylaş:
298

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər