Ağdərədə yanğının söndürülməsinə 620 nəfər şəxsi heyət cəlb olunub - VİDEO

Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə 1news.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
"Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir", - məlumatda qeyd olunub.
12:49
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar baş verib.
1news.az-ın Trend-ə istinadən xəbərinə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Məlumata görə, hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlərdə cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarından götürürlər.