FHN: Ötən həftə 51 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
1news.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.