“Vaşinqtonda imzalanmış birgə bəyannamə regionda tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir” - ŞƏRH

“8 avqust 2025-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyannamə regionda tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, sənədin imzalanması ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş tutub və bu, Cənubi Qafqazda uzun illər davam edən münaqişənin həllinə doğru atılmış mühüm addımdır.
“Bəyannamənin ən diqqətçəkən hissələrindən biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması olub. Bu, gələcəkdə sazişin tam şəkildə imzalanması və ratifikasiyası üçün hüquqi əsas formalaşdırır.
Sənəddə ATƏT-in Minsk Prosesi və onunla bağlı strukturların rəsmi şəkildə bağlanmasına dair razılaşma da öz əksini tapıb. Bu qərar, illərlə Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən Minsk Qrupunun fəaliyyətinin sona çatdığını göstərir”.
“Razılaşmanın digər vacib hissəsi regionda nəqliyyat və kommunikasiya bağlantılarının açılmasına dair bənddir” - deyə deputat əlavə edib:
“ Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının təmin edilməsini və Ermənistanın regional və beynəlxalq ticarət şəbəkələrinə çıxış imkanlarının genişlənməsini nəzərdə tutur.
Bəyannamədə yer alan və geniş maraq doğuran digər məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu kommunikasiya və iqtisadi inkişaf təşəbbüsü Ermənistan ərazisindən keçəcək və ABŞ-ın regiona marağını konkret infrastruktur layihəsi ilə nümayiş etdirəcək”.
Naqif Həmzəyev qeyd edib ki, Trampın bu prosesdə fəal rol alması onun xarici siyasət sahəsində irəliləyiş əldə etmək istəyi ilə yanaşı, ABŞ-ın regiondakı təsir gücünü artırmaq cəhdini də nümayiş etdirir.
“Eyni zamanda bu, Rusiyanın bölgədəki mövcud roluna qarşı balans yaratmaq səylərinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Bəyannamənin beşinci bəndində beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi vurğulanıb. Bu prinsip Azərbaycanın ərazi bütövlüyünün tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tərəflər, həmçinin gələcəkdə hər hansı bir qisas cəhdindən çəkinəcəklərini, düşmənçiliyin qətiyyən davam etdirilməyəcəyini də sənəddə açıq şəkildə ifadə ediblər.
Hal-hazırda paraflanmış sazişin tam imzalanması və hər iki ölkənin parlamentlərində ratifikasiyası gözlənilir. Bu isə həm siyasi, həm də ictimai dəstək tələb edən bir mərhələdir”.
“"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"(TRIPP) layihəsi və digər kommunikasiya marşrutlarının reallaşması təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradacaq”.
“Razılaşma regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına töhfə verəcək”.
N. Həmzəyev bildirib ki, bu razılaşma Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması ilə yanaşı, regionda sabitlik və rifah üçün əsaslı zəmin formalaşdırır.
“ Sənədin tam icrası isə hər iki tərəfin siyasi iradəsinə və xalqların sülhə hazır olmasına bağlı olacaq”.