Məzahir Əfəndiyev: Bu səfər Azərbaycan-ABŞ münasibətlərini gücləndirdi, regionda sülhə töhfə verdi

“Prezident İlham Əliyevin ABŞ-a səfəri strateji əməkdaşlığın yeni mərhələsi və sülh istiqamətində tarixi dönüş nöqtəsi oldu”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüz nəticəsində ölkə ərazisinin beşdə biri – Qarabağ və ətraf rayonlar – 30 ilə yaxın müddətdə işğal altında saxlanılıb.
“İşğal zamanı təxminən bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb, ağır insan hüquqları pozuntuları törədilib”.
Məzahir Əfəndiyevin sözlərinə görə, bu müddət ərzində BMT tərəfindən mandat verilmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa – 30 il ərzində nəticəsiz danışıqlar aparmaqla faktiki olaraq münaqişənin həllində irəliləyişə nail ola bilmədilər.
"Nəhayət, Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini təkbaşına icra etdi və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən Müharibəsində möhtəşəm qələbə qazandı. Bu Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də regionda yeni geosiyasi reallığın əsasını qoydu
Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi qəbul edilir və sülh təşəbbüsləri ilə çıxış edir. Ermənistan isə artıq Azərbaycanın irəli sürdüyü əsas şərtləri qəbul etməyə və Sülh Sazişini imzalamağa yaxındır ," – deyə deputat vurğulayıb.
Deputat bildirib ki, sülh və regional əməkdaşlıq istiqamətində Vaşinqtonda keçirilən son görüş və Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 7 avqust 2025-ci il tarixində həyata keçirdiyi işgüzar səfər tarixi əhəmiyyətə malikdir.
“Bu səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb:
Birincisi, “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və terrorizmə qarşı mübarizə sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur.
İkincisi, ABŞ tərəfindən 1992-ci ildə qəbul edilmiş və Azərbaycana qarşı ədalətsiz məhdudiyyətlər tətbiq edən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması sənədi də Tramp administrasiyası dövründə rəsmiləşdirilib. Bu addım ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu.
Üçüncüsü, İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşdə region üçün əhəmiyyətli olan yeddi bəndlik Birgə Bəyannamə imzalanıb. Bu sənəd: Azərbaycan-Ermənistan Sülh Sazişinin paraflanmasını, ATƏT-in Minsk Qrupunun ləğv edilməsini və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlı yeni kommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur”.
Deputat Məzahir Əfəndiyev əlavə edib ki, bu tarixi səfər və nəticələri yalnız Azərbaycan-ABŞ münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmadı, eyni zamanda Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar olunmasına xidmət etdi.
"Azərbaycanın sülh təşəbbüsləri və regional əməkdaşlıqda lider rolu bu gün beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Həm Vaşinqton, Brüssel, Moskva formatlarında keçirilən görüşlərdə, həm də beynəlxalq konfrans və forumlarda ölkəmiz öz qəti mövqeyini nümayiş etdirir və inkişafın lokomotivi kimi çıxış edir," – deyə o bildirib.
Məzahir Əfəndiyev vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi və diplomatik qələbələri Azərbaycan xalqının rifahını və regionun sabit gələcəyini təmin edəcək.
Qeyd edək ki, 8 avqustda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Amerika Prezidentinin Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirildi.