Paytaxtda yeni yolun inşası davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Paytaxtda yeni yolun inşası davam etdirilir - FOTO

Qafar Ağayev16:31 - Bu gün
Paytaxtda yeni yolun inşası davam etdirilir - FOTO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işləri sürətlə davam etdirilir.

1news.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km (əlavə olaraq 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları) təşkil edəcək.

Avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən ümumi uzunluqları 1240 metrə malik iki tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır.

Burdan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əliyev küçəsinədək davam edir.

Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri icra olunur.

Layihəyə uyğun olaraq 3-cü km-lik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidlərinin inşası da davam edir.

Xatırladaq ki, tikinti işləri ilə bağlı sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər