İngiltərədə çikunyunya virusu sürətlə artır

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə ağcaqanad vasitəsilə yayılan çikunyunya virusuna yoluxma hallarının iki dəfədən çox artdığını bildirib.
1news.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, yoluxmaların böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Morisius səfərləri ilə əlaqəlidir. Virusun İngiltərədə rast gəlinməyən iki növ ağcaqanad vasitəsilə ötürüldüyü və ölkə daxilində yayılma riskinin olmadığı vurğulanıb.
UKHSA-nın yazılı açıqlamasında bildirilib ki, bu ilin ilk 6 ayında 73 çikunyunya virusu hadisəsi qeydə alınıb.
Hamısı xarici səfərlə bağlı olan bu yoluxma hallarının, ötən ilin eyni dövründə qeydə alınan 27 hadisədən iki dəfədən çox olduğu diqqətə çatdırılıb.
Açıqlamada qeyd olunub ki, virusun ölüm riski aşağı olsa da, bəzi xəstələrdə oynaq ağrıları illərlə davam edə bilər. Buna görə də xaricə səfər edənlərə ağcaqanad dişləməsinə qarşı tədbir görmək tövsiyə edilib.
UKHSA, səyahətçilərə yola düşməzdən əvvəl yenilənmiş sağlamlıq tövsiyələrini yoxlamağı məsləhət görüb və yüksək riskli bölgələrə gedəcək şəxslər üçün çikunyunya peyvəndinin nəzərdən keçirilə biləcəyini bildirib.