Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Türkiyə Respublikasının (bundan sonra TR) aidiyyəti qurumlarından əldə olunan məlumata əsasən bildiririk ki, hazırda qardaş ölkədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
1news.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yeyıb.
Bildirilib ki, bu xüsusda, TR ali təhsil müəssisələrindən (bundan sonra - ATM) əldə olunmuş kvalifikasiyalar barədə 2019-2024-cü illər üzrə aparılmış təhlil təhsil alan tələbələrin sayındakı artan dinamika, tanınma üzrə verilən yekun qərarlar, eləcə də beynəlxalq reytinq sıralamasında ilk 1000-likdə yer alan TR ATM-lərindən əldə olunan kvalifikasiyalar barədə ümumi məlumatları ehtiva edir.
Məlumat üçün bildiririk ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - TKTA) 22578 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 5327-si (19%) TR-dən əldə olunan kvalifikasiyaların payına düşür.
Qeyd olunan ötən altı ilə münasibətdə TR-dən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilmişdir. İmtina qərarlarının səbəbləri arasında “açık öğretim” təhsilalma forması üzrə 35,9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29,23%, fiziki olaraq xarici ATM-də normativ təhsil müddətindən az olanlar üzrə 15,38%, autentik olmayan təhsil sənədi təqdim edənlər üzrə 11,28%, distant təhsil üzrə 8.21% təşkil etmişdir. İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.
Qeyd edək ki, ümumilikdə hər ötən ilə münasibətdə son altı ildə (2019-2024) TR-dən əldə olunan kvalifikasiyaların tanınması üzrə müraciətlər artan dinamika ilə davam etmişdir.
Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalq reytinqlərdə yer alan TR universitetlərinə münasibətdə təhlilinə nəzər yetirdikdə, TR üzrə ən çox müraciət olunan universitetlər arasında 2024-cü il üzrə “Times Higher Education”, “QS” və “Shanghai” kimi reytinq sıralamasında Hacettepe universiteti hər üç, İstanbul universiteti isə iki reytinq üzrə ilk 1000-likdə olan universitetlər arasında yer aldığı görünür.
Qeyd olunan reytinqlər üzrə ilk 1000-likdə yer alan ATM-lərin məzunları tərəfindən kvalifikasiyaların tanınması üçün olunan müraciətlərin təhlili göstərir ki, “Times Higher Education” reytinqində ilk 1000-likdə yer alan TR universitetlərindən 478 müraciət daxil olmuşdur (ümumi TR üzrə müraciətlərin 8.97%-i). Onlardan 473 nəfəri şəhadətnamə əldə etmiş, 5 nəfər barəsində isə imtina qərarı qəbul edilmişdir. Eləcə də, “QS” reytinqinə münasibətdə müvafiq say 741 (ümumi TR üzrə müraciətlərin 13.91%) olmuşdur ki, onlardan 726-sı barədə müsbət, 15-i barədə isə imtina qərarı verilmişdir. Bu reytinq üzrə Hacəttəpə Universitetindən 133, İstanbul Universitetindən isə 245 ərizəçi kvalifikasiyaların tanınması üçün müraciət etmişdir. “Shanghai” reytinqinə münasibətdə də oxşar mənzərəni görə bilərik. Belə ki, ilk 1000-likdə olan TR universitetlərindən tanınma üçün 758 müraciət daxil olmuş (ümumi TR üzrə müraciətlərin 14.22%), onlardan 697-sinə şəhadətnamə təqdim edilmiş, 61-i haqqında isə imtina qərarı çıxarılmışdır. Bu reytinq üzrə də Hacəttəpə və İstanbul universitetləri üstünlük təşkil etmişdir. Qeyd olunan reytinqlərdə yer alan eyni ATM-lər üzrə müraciətlər təkrarlanır.
Əlavə olaraq, altı ilə münasibətdə TR-dən daxil olan 5327 müraciətin yalnız 1050-si yuxarıda qeyd olunan üç beynəlxalq reytinqin (Times Higher Education, QS, Shanghai) ən azı birində ilk 1000-lik sıralamasında yer alan universitetlərdən əldə olunmuşdur ki, bu isə TR üzrə ümumi müraciətlərin cəminə nisbətdə 19.71 % təşkil edir. Qeyd olunan 1050 müraciətin 36%-i, yəni təqribən üçdə biri yalnız iki universitet, Hacəttəpə və İstanbul universitetlərinin payına düşür. Bu isə TR üzrə beynəlxalq reytinq sıralamasına daxil olan universitetlərə müraciətlərin sayının beynəlxalq reytinq üzrə ilk 1000-likdə yer almayan təhsil müəssisələrinə olan müraciətlərin sayına nisbətdə əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir.
Eyni zamanda, tənzimlənən ixtisaslar üzrə TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması ilə bağlı imtahan nəticələrinə nəzər yetirdikdə, yuxarıda qeyd olunan məqamlar bir daha öz təsdiqini tapır. Belə ki, 23.06.2025-ci tarixində DİM tərəfindən tənzimlənən ixtisaslar üzrə keçirilən növbəti imtahanda (müəllimlik, hüquqşünaslıq və mühəndislik) iştirak edən 28 nəfər TR-dən əldə olunan kvalifikasiya sahiblərinin 11 (ümumi müraciətçilərin təxminən 40%-i) nəfəri uğursuz nəticə əldə etmişdir.
Ümumilikdə, aparılan təhlil göstərir ki, 2019–2024-cü illər üzrə TR-nin ATM-lərindən əldə olunmuş kvalifikasiyaların tanınması üçün edilən müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunsa da, ümumi 5327 müraciətdən yalnız 19.71%-i beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərə aiddir. Bu da onu göstərir ki, kvalifikasiya sahiblərinin böyük əksəriyyəti tədris keyfiyyətinin yüksək olmasına deyil, yalnız attestatla asan qəbul meyarına üstünlük verərək universitetlərin beynəlxalq reytinqlərində ilk 1000-likdə yer almayan ATM-lərdə təhsil almaq qərarına gəlirlər. Təəssüflə qeyd edirik ki, aşağı keyfiyyətli universitet məzunlarının əmək bazarına daxil olması rəqabətliliyi zəiflətməklə bərabər, ixtisaslı kadrların sayına da mənfi təsirini göstərir.
TKTA olaraq qardaş ölkənin universitetlərinə qəbul olmaq istəyən vətəndaşlarımıza yuxarıda qeyd edilən imtina səbəbləri ilə tanış olmağı, həmçinin seçim etdikləri ATM-lərin keyfiyyət göstəricilərinə diqqət yetirmələrini tövsiyə edirik.