Azərbaycanda milli məkan standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 19107:2025 “Coğrafi informasiya — Məkan sxemi”, AZS ISO 19110:2025 “Coğrafi informasiya Kataloqlaşdırma xüsusiyyəti üçün metodologiya”, AZS ISO 19111:2025 “Coğrafi informasiya — Koordinatlar üzrə istinad”, AZS ISO 19115-1:2025 “Coğrafi informasiya – Metaməlumatlar – Hissə 1 – Baza məlumatları”, AZS ISO 19143:2025 “Coğrafi informasiya — Filtr kodlaşdırması” yeni dövlət standartları qəbul edilib.
Bu barədə 1news.az-a AZSTAND-dan bildirilib.
Qeyd edilib ki, sözügedən dövlət standartları coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.
Bildirilib ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.