Deputat: Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünü artırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünü artırıb

Qafar Ağayev13:04 - Bu gün
Deputat: Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünü artırıb

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz fəaliyyəti ilə Vətənə sədaqət, xalqa xidmət və milli dəyərlərə hörmət nümunəsi yaradıb”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən məqsədyönlü fəaliyyəti ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət göstərir:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın gördüyü işlər xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət kimi səciyyələndirilir”.

Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyevanın atdığı addımlar, irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünü artırıb, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verib. O, həmçinin Azərbaycan qadının dünyada müsbət obrazının formalaşmasında və qadınların ictimai-siyasi həyatda fəallığının artmasında mühüm rol oynayıb.

Sevinc Fətəliyeva vurğulayıb ki, Birinci vitse-prezident maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir:

“Mehriban xanım Əliyeva humanizmin və xeyirxahlığın təşviqinə xidmət edən dəyərli fəaliyyət örnəyi yaradıb. O, daim həssas sosial qrupların – şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, eləcə də irsi xəstəliklərdən əziyyət çəkən şəxslərin problemlərini diqqətdə saxlayır”.

Deputat qeyd edib ki, Azərbaycanın dünya ictimaiyyətinə təqdimatında da Birinci vitse-prezidentin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır:

“Mehriban Əliyeva həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu yüksəldir. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Heydər Əliyev Fondu uzun illərdir Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib”.

Sevinc Fətəliyeva əlavə edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsləri xalqlar və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir, beynəlxalq səviyyədə yüksək qiymətləndirilir:

“Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə verdiyi töhfələr, tarixi və mədəni abidələrin Heydər Əliyev Fondu tərəfindən bərpası böyük əhəmiyyət daşıyır. Bütövlükdə, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirirlər”.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər