Uğura doğru: Azərbaycan batut gimnastları III MDB Oyunlarına hazırlaşır | 1news.az | Xəbərlər
İdman

Uğura doğru: Azərbaycan batut gimnastları III MDB Oyunlarına hazırlaşır

Qafar Ağayev11:35 - Bu gün
Uğura doğru: Azərbaycan batut gimnastları III MDB Oyunlarına hazırlaşır

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 1news.az-a verilən məlumata görə, yeddi şəhəri əhatə edəcək bu idman tədbirinin proqramına 23 idman növü daxildir. Onların arasında tamaşaçıların ən çox maraq göstərəcəyi növlərdən biri isə batut gimnastikasıdır. Bu növ üzrə yarışlar Şəki şəhərində keçiriləcək.

Azərbaycan yığması qarşıdakı starta fəal hazırlaşır. Həm qızlar, həm də oğlanlar güclərini sınayacaqlar. Təlim-məşq toplanışları, yekun heyətin formalaşdırılması, sinxron çıxışların üzərində işləmək — bütün bunlar artıq son mərhələyə yaxınlaşan kompleks hazırlıq prosesinin bir hissəsidir. Yarışlarda həm qızlar, həm də oğlanlar güclərini sınayacaqlar.

Hazırlıq prosesi ilə bağlı təfərrüatları Azərbaycan batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Vladimir Şulikin bölüşüb:

«III MDB Oyunlarında 2009-cu il təvəllüdlü və daha böyük idmançılar iştirak edəcəklər. Milli komandanın hazırlığı artıq yekunlaşmaq üzrədir, baxmayaraq ki, son heyət hələ formalaşır. Qızlarda dörd idmançı müəyyən edilib, oğlanlarda isə altı namizəd var ki, onlardan dördü yekun komandaya daxil olacaq. Hazırlıq plan üzrə gedir, bizim üçün bütün zəruri şərait yaradılıb».

Məşqçinin sözlərinə görə, qarşıdakı yarışların səviyyəsi yüksək olacaq:

«Şəkiyə Rusiya və Belarusdan güclü rəqiblər gələcək, onların arasında ikiqat Olimpiya çempionu da var. Həmçinin Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin gimnastları da iştiraklarını təsdiqləyiblər. Yarışlar ən yüksək səviyyədə keçiriləcək.

Bizim də öz liderlərimiz var. Xüsusilə, medal uğrunda mübarizə aparacaq Səlcan Mahsudova. Qızlarda da, oğlanlarda da sinxron çıxışlarda yaxşı şanslarımız var. Turnir Azərbaycanda keçiriləcək, buna görə uğurlu nəticələrin qazanılması üçün əlimizdən qələni etməliyik. Təxminən dörd medal qazanacağımıza ümid edirik», — deyə baş məşqçi vurğulayıb.

Şulikin qeyd edib ki, Azərbaycanda batut gimnastikası sürətlə inkişaf edir:
«Batut gimnastikası ölkəmizdə cəmi təxminən 12 ildir inkişaf edir, amma artıq ciddi nailiyyətlər əldə olunub. Gimnastika Federasiyasının səyləri sayəsində demək olar ki, sıfırdan məktəb yaradıldı və nəticədə ilk dəfə Azərbaycan idmançısı Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu uğur idmana böyük maraq yaratdı və gənclər arasında tanınmasını əhəmiyyətli dərəcədə artırdı.
Əvvəllər bir çoxları batut gimnastikasının nə olduğunu belə bilmirdi, amma indi bu idman növünə maraq günü-gündən artır. Əminik ki, III MDB Oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcəklər» — deyə baş məşqçi yekunlaşdırıb.

Paylaş:
71

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər