Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanı oktyabrın 10-da keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanı oktyabrın 10-da keçiriləcək

Qafar Ağayev15:46 - Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanı oktyabrın 10-da keçiriləcək

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqəli şəkildə oktyabrın 10-u saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahan DİM-in Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçiriləcək.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirib.

Namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə əsasən test imtahanının ödənişli olması nəzərdə tutulub. Ödəniş oktyabrın 3-də saat 09:00-dan oktyabrın 7-də saat 23:59-a qədər Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə daxil olaraq həyata keçirilməlidir.

Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap etməlidir.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaqdır. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və elektron test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı sentyabrın 2-də Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər