Mikayıl Cabbarov: “Azərbaycan dünya iqtisadiyyatında mövqelərini inamla möhkəmləndirir”

"Ölkəmiz davamlı iqtisadi artım nümayiş etdirir və beynəlxalq investorlar üçün getdikcə daha cəlbedici məkana çevrilir".
1news.az xəbər verir ki, bunu "INMerge Innovation Summit"-də çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, son illərin dinamikası qlobal biznesin Azərbaycan bazarının sabitliyinə və imkanlarına olan etimadını açıq şəkildə sübut edir:
“Bu göstəricilər təkcə miqyası ilə deyil, həm də beynəlxalq investorların Azərbaycanın sabitliyi, təhlükəsizliyi və təqdim etdiyi imkanlara inamını əks etdirməsi ilə təsirli görünür”, — deyə M.Cabbarov qeyd edib.
O vurğulayıb ki, 2021–2024-cü illərdə ölkənin qeyri-neft sektoru orta hesabla hər il 6,7% genişlənib və milli ÜDM-də payını ardıcıl artırıb. Son altı ildə isə qeyri-neft ixracı demək olar ki, iki dəfə artıb. Bu isə Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəldiyini və beynəlxalq dəyər zəncirlərinə uğurlu inteqrasiyasını göstərir.
Nazir həmçinin ölkənin maliyyə sisteminin dayanıqlılığına diqqət çəkib: Azərbaycanın suveren kredit reytinqləri yüksək olaraq qalır, güclü fiskal və xarici valyuta ehtiyatları isə iqtisadi sabitliyi təmin edir.
“Bizim sosial-iqtisadi inkişaf strategiyamızın uğuru beynəlxalq səviyyədə də tanınıb: Moody’s və Fitch Ratings agentlikləri Azərbaycan üzrə proqnozlarını yüksəldiblər”, — deyə M.Cabbarov əlavə edib.
Cəmilə Sucəddinova