Bəzi banklar “ölməlidir”: Azərbaycan təcrübəsinin müsbət nəticələri | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəzi banklar “ölməlidir”: Azərbaycan təcrübəsinin müsbət nəticələri

10:06 - Bu gün
Bəzi banklar “ölməlidir”: Azərbaycan təcrübəsinin müsbət nəticələri

Qonşu ölkələr davamlı xilasetmə proqramları və valyuta böhranları ilə mübarizə apararkən, Bakı regionun ən dayanıqlı maliyyə sistemlərindən birini qurmağa nail olub.

Neft qiymətlərinin kəskin azalmasından sonrakı onillikdə Avropanın şərq periferiyasındakı demək olar ki, bütün böyük iqtisadiyyatlar eyni fundamental sualla üzləşiblər: real iqtisadiyyata xidmət edən, onu tükətməyən maliyyə sistemini necə qurmaq olar?

Azərbaycanın yanaşması Azərbaycan Respublikasının Mərkəzi Bankının son məlumatları əsasında araşdırılaraq Türkiyə və Qazaxıstanın təcrübələri ilə müqayisə edildikdə, müəyyən hallarda sistemin dağıdılmasının bərpa prosesinin başlanması üçün zəruri şərt olduğunu göstərir.

Qazaxıstan xilasetmə yolunu seçdi. On ildən artıq müddətdə milyardlarla ABŞ dollarının (bundan sonra dollar) xərclənməsinə baxmayaraq Qazaxıstan hələ də öz Prezidentinin sözləri ilə desək, "qeyri-sağlam" bank sektoruna malikdir.

Qonşu Türkiyədə isə siyasət iqtisadiyyatı üstələdi. Bu da mərkəzi bankın 2023-2024-cü illərdə ümumilikdə 43 milyard dollar zərər etməsi ilə nəticələndi.

Azərbaycan isə başqa yolu seçdi. Ölkə bank sektorunun dörddə birdən çox ixtisar etdi, bəzi bankların lisenziyalarını ləğv etdi və zəif institutların iflasına imkan yaratdı. Buna baxmayaraq, Mərkəzi Bankın 2025-ci ilin noyabrında dərc etdiyi məlumatlar gözlənilməz nəticələrin əldə edildiyini üzə çıxardı.

Fotoda: Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüş keçirir (Bakı, Azərbaycan, 25 iyun 2024).

Rəqəmlər paradoksal görünür. 2019-cu ildən 2025-ci ilin noyabrınadək Azərbaycanda bankların sayı 30-dan 22-yə qədər azaldıldı. Lakin bu dövrdə ümumi kredit portfeli iki dəfəyədək artaraq 14,9 milyard manatdan 29,7 milyard manata yüksəldi. Postsovet bankçılığının əsas bəlası olan problemli kreditlərin payı 2025-ci il ərzində 2,5-2,8% diapazonunda qaldı. Bu daha zəngin iqtisadiyyatlara malik olan ölkələrin belə həsəd aparacağı bir göstəricidir.

Bank sektorunun xalis mənfəəti 2025-ci ilin noyabr ayı ərzində 1,06 milyard manata çatmışdır ki, bu da onilliyin əvvəlində müşahidə olunan xroniki zərərlərlə müqayisədə əhəmiyyətli dönüşün baş verdiyini göstərir.

Bu, inkişaf etməkdə olan bazar ölkələrinin bank sektoru üçün xarakterik ssenari deyil. Latın Amerikası, Cənubi Asiya və keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində müşahidə olunan standart yanaşma ondan ibarətdir ki, hökumətlər qısamüddətli problemlərdən yayınmaq üçün çətin vəziyyətdə olan bankları dəstəkləyir, lakin nəticədə illər boyu səmərəli kreditləşməni sıxışdıran ‘zombi’ institutların formalaşmasına səbəb olurlar.

Qazaxıstanın təcrübəsi isə “dərslik nümunəsi”dir. Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü il qiymətləndirməsinə görə, bank sektoruna milyardlarla vəsaitin yatırılması nəticəsində bu sektorda dövlətin iştirakı əhəmiyyətli dərəcədə artıb və bank defoltları "nizamlı sağlamlaşdırma" əvəzinə çox vaxt dövlətin xilasetmə proqramları vasitəsilə həll edilib. Nəticədə hökumətin kiçik biznesin dəstəklənməsinə yönəlmiş çoxsaylı proqramlar həyata keçirməsinə baxmayaraq korporativ kreditləşmənin ümumi kreditləşmədə payı 2011-ci ildəki 58%-dən on il sonra 17%-ə qədər azalıb.

Türkiyədəki proseslər daha dramatik, eyni zamanda ibrətamiz oldu. İllərlə davam edən və siyasi proseslərin təsir etdiyi pul-kredit siyasəti (Prezident Ərdoğanın yüksək faiz dərəcələrinin inflyasiyaya səbəb olduğu qənaəti fonunda) 2023–2025-ci illərdə Türk lirəsinin məzənnəsinin dollar qarşısında üç dəfəyədək ucuzlaşması ilə nəticələnən valyuta böhranına gətirib çıxardı.

Türkiyə Mərkəzi Bankı 2023-cü ildə qeydə alınan rekord 25 milyard dollarlıq zərərdən sonra, 2024-cü ildə 18 milyard dollar zərərlə qarşılaşdı. Bu, lirənin məzənnəsini qorumağa yönəlmiş “ümidsiz” valyuta müdaxilələrinin nəticəsi idi.

Milli valyutanın kəskin ucuzlaşması fonunda Türkiyədə inflyasiya 85 faizi ötdü. Maliyyə naziri Mehmet Şimşekin rəhbərliyi altında ənənəvi iqtisadi siyasətə gecikmiş qayıdış müəyyən stabilləşmə yaratsa da, Türkiyənin maliyyə sistemi hələ də kritik vəziyyətdə qalmaqda davam edir. Bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti isə 2018-ci ildəki 103 faizdən 2023-cü ildə 89 faizə qədər azalıb.

Azərbaycan isə 2015-ci ildə ciddi sınaqla üzləşdi. Neft qiymətlərinin əsaslı şəkildə azalması manatın iki dəfə kəskin devalvasiyasına səbəb olmuş və neft bumunun təsiri ilə sürətlə genişlənmiş bank sektorunda dərin struktur zəifliklərini üzə çıxarmışdı. Lakin həyata keçirilən siyasət regional tərəfdaşların yanaşmalarından kəskin şəkildə fərqləndi. Müflis olmağa hazırlaşan institutları xilas etmək əvəzinə, tənzimləyici orqanlar lisenziyaları ləğv etdi və sektor üzrə konsolidasiyanı məcburi şəkildə həyata keçirdi.

Nəticədə xarici kapitallı bankların sayı 14-dən 9-a qədər azaldı. Bir sıra kredit təşkilatlarının lisenziyaları ləğv edildi. Qısamüddətli problemlər də qaçılmaz oldu. Belə ki, dövlətin əmanətlərin sığortalanması proqramı ilə əhatə olunmayan bəzi əmanətçilər vəsaitlərini itirdi və ilkin mərhələdə kreditləşmə azaldı. Lakin sağ qalan institutlar daha səmərəli strukturla və daha yaxşı kapitallaşmış şəkildə böhrandan çıxdılar.

Kreditləşmənin strukturu Azərbaycanın bank sektorunun ciddi transformasiya keçirdiyini əks etdirir. 2019-cu ildə bankların kredit portfelində iri müəssisələrə verilən kreditlər üstünlük təşkil edirdi. 2025-ci ilin noyabrına qədər isə kiçik və orta sahibkarlığa verilən kreditlərin ümumi həcmi 17%, yəni 6,4 milyard manatdan 7,4 milyard manata qədər artdı. Bu bank sisteminin əsasən qeyri-neft iqtisadiyyatının dəstəklənməsinə yönəldiyini göstərir. Sektorlar üzrə məlumatlar verilən kreditlərin əsasən iqtisadi diversifikasiya siyasətinin hədəflədiyi tikinti, nəqliyyat, ticarət və formalaşmaqda olan İKT sektoruna yönəldiyini göstərir.

Bu prosesin bankların düzgün qiymətləndirməsinin, yaxud dövlət tənzimlənməsinin nəticəsi olduğunu müəyyən etmək asan olmasa da, problemli kreditlərlə bağlı göstəricilər kreditlərin kifayət qədər rasional şəkildə yerləşdirildiyini göstərir.

Maliyyə inklüzivliyi göstəriciləri sistemin əhalini daha geniş şəkildə əhatə etdiyini göstərir. Belə ki, 2023-cü ilin sonundan 2025-ci ilin noyabr ayınadək müddətli əmanətçilərin sayı 2 dəfəyə yaxın artaraq, 107,000 mindən 190,000-ə yüksəlmişdir. Bank filiallarının sayı təxminən 500 ətrafında sabitləşmiş, bankomatların sayı isə 2019-cu ildəki 2647-dən 3462-yə qədər artıb.

2017-ci ildən bəri qorunan sabit manat-dollar məzənnəsi maliyyə sabitliyinə etimadın möhkəmlənməsinə kömək etsə də neft qiymətlərinin yenidən azalması fonunda müəyyən risklər yarada bilər.

Əldə edilən nəticələr beynəlxalq müşahidəçilərin diqqətindən də yayınmamışdır. 2025-ci ildə fiskal intizamın və güclü xarici buferlərin mövcudluğunu əsas gətirərək Moody’s reytinq şirkəti Azərbaycanı investisiya səviyyəli suveren reytinqə (Baa3) yüksəltmiş, Fitch isə investisiya səviyyəli BBB- reytinqini qoruyub saxlamışdır. BVF-nin 2024-cü il Maliyyə Sektoru üzrə Qiymətləndirmə Proqramı bank sisteminin "ciddi şoklara qarşı ümumən dayanıqlı” və “yaxşı kapitallaşmış" olduğunu müəyyən etmişdir.

Mərkəzi Bank və Dövlət Neft Fondunun (SOFAZ) ümumi xarici valyuta ehtiyatları 2025-ci ilin ilk 11 ayında 83,5 milyard dollara çatdı. 2025-ci ilin sonuna inflyasiya 5,7% təşkil etmişdir ki, bu da Türkiyənin inflyasiya göstəricisindən dəfələrlə aşağıdır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf diapazonuna daxildir.

Əlbəttə, bütün bunlar Azərbaycanın mükəmməl liberal iqtisadi idarəetmə modelinə sahib olduğunu göstərmir. Dövlət müəssisələri qeyri-neft sektorunda böyük rol oynamağa davam edir. Biznes mühiti, beynəlxalq indekslərə görə, hələ də inkişaf potensialına malikdir. Kapital bazarları da kifayət qədər inkişaf etməmişdir və BVF "dövlət iştirakının azaldılması" və dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində islahatları qətiyyətlə tövsiyə edir. Neft və qaz ixracı ümumi ixrac gəlirlərində üstünlük təşkil etməyə davam edir ki, bu da iqtisadiyyatı 2015-ci il böhranını yaradan eyni əmtəə şokuna qarşı həssas edir.

Bununla belə, bank sektorunun göstəriciləri mühüm bir həqiqəti əks etdirir: məhdud institusional potensiala malik, resurslardan asılı iqtisadiyyatda belə, Azərbaycanın bir çox regional tərəfdaşını tələyə salan sonsuz xilasetmə proqramlarına əl atmadan maliyyə sistemini sağlamlaşdırmaq mümkündür. Bu yanaşmanın əsasını, uğursuzluqlara imkan verən siyasi iradə ilə sektorun sağlamlaşdırılması prosesinin peşəkar texnokratik icrasının vəhdəti təşkil edir ki, bu da göründüyündən daha nadir rast gəlinən bir yanaşmadır.

Növbəti çağırışlarla əsl sınaq başlayacaq. Neft qiymətlərində mümkün yeni azalmalar və yaşıl enerjiyə keçid orta müddətdə karbohidrogen gəlirlərinin azalmasına səbəb olacaqdır.

Fotoda: Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarının nümayəndələrinə müsahibə verir (Bakı, Azərbaycan, 5 yanvar 2026).

Lakin Bakı ümid etmək əvəzinə gələcəyə hazırlaşır. Prezident İlham Əliyev 2026-cı ilin yanvarında verdiyi müsahibəsində Azərbaycanın nəqliyyat və yaşıl enerji mərkəzinə çevriləcəyini diqqətə çatdırdı. Onun qeyd etdiyi kimi Azərbaycan bu məqsədə planlaşdırılan 8 giqavat bərpaolunan enerji gücü, boru kəməri ilə 16 Avropa ölkəsinə qaz ötürülməsi, nəhayət Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və digər ölkələrə birbaşa quru marşrutun açılması ilə nail olacaqdır. Bank sektorunun optimallaşdırılmış strukturu da bu keçiddə sağ qalmaq üçün deyil, keçidin özünü maliyyələşdirmək üçün formalaşdırılmışdır.

Bu yanaşmanın reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Lakin maliyyə disfunksiyasının normal qəbul olunduğu bir regionda Azərbaycan ən azından kapitalı xilasetmə proqramları və valyuta müdaxilələrindən başqa istiqamətlərə yönəltməyə qadir sistem qurub.

Bəzən hökumətin bank sektoru ilə bağlı ata biləcəyi ən doğru addım bəzi bankların "ölməsinə" imkan verməkdir ki, “sağ qalanlar” növbəti mərhələnin maliyyələşdirilməsini təmin edə bilsin.

Artur Andersen

Material Azərbaycan respublikasının Mərkəzi Bankının statistik məlumatları əsasında hazırlanıb.

Yazını başqa dillərlərdə də oxuya bilərsiniz:

Иногда банкам нужно дать умереть: уроки азербайджанского эксперимента

Some banks need to die: understanding Azerbaijan's experiment

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər