Əli Nağıyev: Ağdərədə kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib | 1news.az | Xəbərlər
Siyasət

Əli Nağıyev: Ağdərədə kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib

10:23 - Bu gün
Əli Nağıyev: Ağdərədə kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib

“Qısa müddətdə Dövlət Komissiyası tərəfindən işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərə aid meyit qalıqlarının axtarışı, qazıntı və ekshumasiya sahəsində müəyyən işlər həyata keçirilsə də, işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilməsi, infrastrukturun, yaşayış məntəqələrinin, qəbiristanlıqların, o cümlədən itkinlərə aid məzar yerlərinin dağıdılması prosesə ciddi əngəl yaradır”.

1news.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında deyib .

“Qeyd etdiyim səbəblərə görə hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən hadisə şahidləri belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər.

Bütün çətinliklərə baxmayaraq, 2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirmişdir.

Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilmiş və müsbət nəticə əldə edilmişdir”.

“Həmçinin diqqətinizə çatdırıram ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir”, - deyə Ə.Nağıyev əlavə edib:

“Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanmışdır. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilmişdir. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaqdır”.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər