Aynurə Əhmədova: “10 ay ərzində 4,8 milyon vətəndaş icbari tibbi sığortadan yararlanıb”
"Cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb. Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib".
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə artım var:
“Müraciətlərin sayında 4%, tibbi xidmətlərin həcminə isə 12% artım qeydə alınıb. Həmçinin əməliyyat və prosedurların sayı ötən ilin ilk 10 ayı ilə müqayisədə 5% artıb”.
Departament rəhbəri dövlət tibb müəssisələrində ən çox həyata keçirilən əməliyyatların “ginekoloji, uroloji və oftalmoloji sahələri əhatə etdiyini” vurğulayıb. O əlavə edib ki, “Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası əməliyyat sayına görə ön sıradadır”.
Özəl sektorla bağlı danışan A.Əhmədova qeyd edib ki, “Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur və bu ilin ilk 8 ayında özəl sektorda göstərilən xidmətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb”. Onun sözlərinə görə, müraciətlər əsasən “invaziv radiologiya, oftalmoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə xidmətlərini əhatə edir”.
A.Əhmədova bildirib ki, “özəl tibb müəssisələrində göstərilən xidmətlərə görə Agentlik tərəfindən bu ilin ilk 8 ayında 302 milyon manatdan çox vəsait ödənilib”.
Dərman təminatı ilə bağlı yeniliklərdən danışan departament rəhbəri bildirib:
“Əhalinin dərman təminatını yaxşılaşdırmaq məqsədilə Nazirlər Kabineti tərəfindən dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması üçün yeni meyarlar təsdiqlənib. Ən vacib yenilik ‘Pozitiv siyahı’nın formalaşdırılmasıdır.”
Onun sözlərinə görə, “pozitiv siyahı sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısı olacaq və siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar – təsiredici maddə, dozalar, kompensasiya faizləri – Agentliyin rəsmi saytında dərc olunacaq”.
A.Əhmədova əlavə edib ki, “ilk mərhələdə ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan təzyiqsalıcı dərmanlar siyahıya daxil edilib və bu dərmanların tam və ya qismən sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur”.
O həmçinin deyib ki, “dərmanların verilməsi elektron resept sistemi vasitəsilə həyata keçiriləcək və yalnız Agentliklə müqaviləsi olan, xüsusi loqo ilə işarələnmiş apteklərdən əldə ediləcək”.
Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı A.Əhmədova bildirib:
“Agentliyin 1542 Çağrı Mərkəzi günün 24 saatı, həftənin 7 günü vətəndaşların xidmətindədir. Bu ilin ilk 9 ayında mərkəzə 170 mindən çox zəng daxil olub və zənglərin cavablandırılma faizi 95%-dən çox təşkil edib”.
O qeyd edib ki, “çağrı mərkəzinə ən çox müraciətlər göndərişlər, müayinə və müalicə qaydaları, dərman təminatı və tibbi sərf materialları ilə bağlı olur”.












