Antiinhisar Agentliyi YDM-lərin lisenziya almasına rəy verilməsi ilə bağlı tələbləri açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Antiinhisar Agentliyi YDM-lərin lisenziya almasına rəy verilməsi ilə bağlı tələbləri açıqlayıb

Qafar Ağayev15:01 - Bu gün
Antiinhisar Agentliyi YDM-lərin lisenziya almasına rəy verilməsi ilə bağlı tələbləri açıqlayıb

Azərbaycanda yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.

Bu barədə 1news.az-a Agentlikdən bildirilib.

Qeyd edilib ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.

Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını (https://competition.gov.az/az/page/melumat-merkezi/information/yanacaqdoldurma-obyektlerinin-istismarina-lisenziya-verilmesi-ucun-reyin-alinmasi) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət etməlidirlər.

Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə məlumatların Agentliyin dövlət reyestrində (https://e-keyfiyyet.gov.az/informative-services/registry) mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.

Qeyd edək ki, tələb olunan sənədlərin verilməsini həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə məlumat Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi) əldə oluna bilər.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər