Sevinc Fətəliyeva: ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycanın diplomatik qələbəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva: ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycanın diplomatik qələbəsidir

Qafar Ağayev12:59 - Bu gün
Sevinc Fətəliyeva: ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycanın diplomatik qələbəsidir

“ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi müddətdə heç bir səmərəli fəaliyyəti olmayan bu təşkilatın ləğvi tamamilə məntiqli və qanunauyğun addımdır”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı belə bir razılığa gəlmişdilər.

“Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Bugünlərdə isə bu təsisatın tam ləğvi prosesi rəsmi olaraq başa çatdı”.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması 2025-ci ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri kimi qiymətləndirilməlidir.

“Bu qərar Cənubi Qafqaz üçün təkcə bir institutun bağlanması deyil, həm də regionda onilliklər boyu mövcud olmuş vasitəçilik mərhələsinin başa çatması deməkdir. Azərbaycan üçün isə Minsk Qrupunun ləğvi, ölkənin ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması baxımından əlamətdar hadisədir.
“1992-ci ildə yaradılan Minsk qrupu, Ermənistan–Azərbaycan münaqişəsinin siyasi həlli üçün beynəlxalq platforma rolunu oynayırdı. Lakin illər keçdikcə bu mexanizmin təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında fəaliyyət göstərən format zamanla vahid mövqe nümayiş etdirmək qabiliyyətini itirdi. Xüsusilə 2022-ci ildən sonra böyük dövlətlər arasındakı kəskin siyasi ziddiyyətlər qrupun işini faktiki olaraq dondurdu”,-deyən deputat əlavə edib ki, çoxsaylı görüşlərə, sənədlərə və təşəbbüslərə baxmayaraq, Minsk qrupu münaqişənin real həllinə yaxınlaşa bilmədi. Ekspert dairələrində dəfələrlə vurğulandığı kimi, proses illər keçdikcə münaqişəni həll etməkdən daha çox onu donduran bir format halına çevrilmişdi”.

Sevinc Fətəliyevanın fikrincə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və sonrakı siyasi proseslər regiondakı vəziyyəti köklü şəkildə dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər danışıqların mərkəzində dayanan “status” məsələsi tamamilə gündəmdən çıxdı. Yeni regional reallıq 1990-cı illərin başlanğıcında formalaşdırılmış vasitəçilik mexanizmlərinin davam etdirilməsini həm mənasız, həm də yersiz etdi. Bu səbəbdən Azərbaycan 2021–2023-cü illərdən etibarən Minsk qrupunun missiyasının artıq bitdiyini açıq şəkildə bəyan edirdi. Regiondakı digər aktorlar da anlayırdı ki, müasir çağırışlara uyğun yeni diplomatik yanaşmalar tələb olunur.

Millət vəkili söyləyib ki, bu ilin avqustunda Azərbaycan və Ermənistanın Minsk qrupunun və ona bağlı strukturların rəsmi şəkildə bağlanması ilə bağlı razılaşması yeni mərhələyə keçid baxımından ciddi siyasi iradənin göstəricisi idi. Dekabrın əvvəlinə qədər ATƏT Katibliyi bütün texniki və inzibati prosedurları tamamladı və beləliklə, uzunmüddətli vasitəçilik mərhələsinə rəsmi nöqtə qoyuldu.

Deputat hesab edir ki, Minsk qrupunun ləğvi aşağıdakı əsas amillərin məntiqi nəticəsi idi:
1. Beynəlxalq sistemdə köklü dəyişikliklər; Qlobal güclər arasındakı ziddiyyətlər həmsədrlərin vahid mövqe sərgiləməsini mümkünsüz etdi.
2. Cənubi Qafqazdakı yeni siyasi reallıq; Münaqişə faktiki olaraq həll olunub və artıq əvvəlki kimi vasitəçilik predmetindən söz gedə bilməz.
3. Regional təşəbbüslərin güclənməsi; Artıq region ölkələri təhlükəsizlik və əməkdaşlığın çərçivəsini özləri müəyyənləşdirməyə üstünlük verirlər.
4. Tərəflərin siyasi iradəsi; Azərbaycan və Ermənistan danışıqları yeni formatlarda, daha çevik və modern modellərlə aparmaq niyyətini nümayiş etdirirlər.
“Bununla belə, ATƏT-in Minsk qrupunun ləğv olunması diplomatiyanın bitməsi demək deyil. Əksinə, işini görməyən mexanizmin aradan qalxması tərəflərə yeni, daha effektiv və müasir vasitələrlə əməkdaşlıq qurmaq imkanı verir. Bundan sonra sülh prosesi ikitərəfli danışıqlara, regional layihələrə və qarşılıqlı maraqlara əsaslanacaq. Azərbaycan üçün Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir. Region üçün isə bu addım onilliklərdir ki, davam edən münaqişə dövrünü arxada qoyaraq, sülh və inkişafın yeni səhifəsini açır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər