Bakı Kitab Mərkəzində “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin təqdimatı keçirilib - FOTO
9 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin növbəti təqdimat mərasimi keçirilib.
1news.az xəbər verir ki, Bakı Kitab Mərkəzində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, Fondun donor və tərəfdaşları, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, keçmiş məcburi köçkünlər, mina axtaranlar, yazıçılar, media nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Salamlama nitqi ilə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı nəşrin Qarabağ həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, oxucular üçün etibarlı məlumat mənbəyi olacağını qeyd edib. Nəşrin geniş oxucu marağı qazanacağına əminliyini ifadə edən Mərkəzin rəhbəri bu kimi təşəbbüslərin təbliğinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır.
Məlumat verilib ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal ekosistemin tərkib hissəsidir. Belə ki, kitab boyunca yerləşdirilən yüzlərlə QR-kodlar vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az internet saytı və digər onlayn resurslarda yerləşən materiallara keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və digər materialları izləyə bilərlər.
Eyni zamanda qeyd olunmalıdır ki, https://book.revival.az/estore/ ünvanda yerləşən onlayn-mağazaya keçid edib və Fonda ianə etməklə istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik, Prestij və Signature Collection) əldə etmək mümkündür.
Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.
Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.
Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Azərbaycan Respublikasının sabiq Baş naziri, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov çıxış edərək özünün də fikirlərinin yer aldığı “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının Qarabağla bağlı bir çox mövzuları özündə birləşdirən samballı bir əsər olduğunu vurğulayıb. Kitabın müəllifi Qrem Vilsonla bağlı da düşüncələrini bölüşən Həsən Həsənov kitabın yüksək keyfiyyətdə hazırlanmasını onun Azərbaycanı hədsiz dərəcədə sevən bir insan olması ilə əlaqələndirib.
Sonra “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı və işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.
Daha sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Gültəkin Qaradağlının moderatorluğu ilə keçən sessiyada britaniyalı yazıçı Qrem Vilson çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edərək “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabını əldə edən tədbir iştirakçıları müəllif tərəfindən imzalanmış xüsusi nüsxələrini əldə etmək imkanı qazanıblar.
Nəzərinizə çatdıraq ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabına sahib olmaq istəyən şəxslər https://book.revival.az/estore/ onlayn-mağazaya daxil olaraq istədikləri kitab növünü seçib Qarabağ Dirçəliş Fonduna ianə etməklə kitabı əldə edə bilərlər.
Yaxın gələcəkdə kitabın Azərbaycan və bir neçə xarici dilə tərcüməsi də həyata keçiriləcək.
Onu da qeyd edək ki, tədbir zamanı kitabda yer alan fotoşəkillər əsasında təşkil edilən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib.


































