Nigar Məmmədova: İşğaldan azad olunan ərazilərin bərpası uğurlu təcrübədir
“Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri şəhərsalma və dayanıqlı inkişaf sahəsində uğurlu təcrübə kimi qiymətləndirilir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan beş ümummilli məqsəddən biri kimi müəyyən edilib:
“Son beş il ərzində bu proses planlı və ardıcıl şəkildə həyata keçirilir, insanlar böyük qürur hissi ilə doğma torpaqlarına qayıdırlar”.
Deputatın sözlərinə görə, artıq 30-dan çox yaşayış məntəqəsinə köç həyata keçirilib, ilkin mərhələdə ayrılan vəsaitlər hesabına əsas infrastrukturun təməli qoyulub, növbəti mərhələlərdə isə genişmiqyaslı sosial və iqtisadi layihələrin icrası nəzərdə tutulur:
“Hazırda azad edilmiş ərazilərdə 60 mindən çox insan yaşayır, çalışır və təhsil alır. ‘Böyük Qayıdış’ Proqramı uğurla icra olunur”.
Nigar Məmmədova qeyd edib ki, bu günlərdə Xankəndinin Kərkicahan qəsəbəsinə, eləcə də Ağdamda 2-ci yaşayış kompleksinə köç baş tutub:
“Prezident İlham Əliyev Qarabağa səfəri çərçivəsində yeni köçən sakinlərlə görüşüb, eyni zamanda bir sıra yeni infrastruktur obyektlərinin açılışında iştirak edib. Sevindirici haldır ki, artıq Ağdamın üç kəndində həyat bərpa olunub”.
Deputat vurğulayıb ki, antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur ərazisinə tam nəzarət edir və bu bölgələr böyük abadlıq məkanına çevrilir:
“Qarabağ və Şərqi Zəngəzurun bu günkü mənzərəsi Azərbaycanın gücünü və dövlətimizin imkanlarını açıq şəkildə nümayiş etdirir”.
N.Məmmədova xatırladıb ki, Prezident İlham Əliyev Ağdam sakinləri ilə görüşdə 30 illik işğal dövründə erməni işğalçılarının şəhər və kəndlərimizi tamamilə dağıtdığını, urbisid siyasəti həyata keçirdiyini bir daha diqqətə çatdırıb:
“İşğal dövründə təkcə yaşayış məntəqələri deyil, tarixi və dini abidələr də məqsədli şəkildə məhv edilib”.
Deputat bildirib ki, Azərbaycan dövləti Böyük Zəfərdən dərhal sonra öz daxili imkanları hesabına bərpa-quruculuq işlərinə başlayaraq Qarabağ və Şərqi Zəngəzurun yeni simasını formalaşdırır:
“Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası fonunda həyata keçirilən şəhərsalma və dayanıqlı inkişaf siyasəti sosial rifaha və iqtisadi dayanıqlılığa mühüm töhfə verir”.
Onun sözlərinə görə, Ermənistanın işğal dövründə xarabazara çevirdiyi ərazilərdə son beş ildə yeni şəhər və kəndlər salınır:
“‘Böyük Qayıdış’ Proqramının uğurla icrası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir”.
Nigar Məmmədova qeyd edib ki, 2020-ci ildən bəri azad edilmiş ərazilərdə inşa olunan infrastruktur layihələrinin iqtisadiyyatımıza yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə daha aydın hiss olunacaq.
Deputat Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin sakinləri ilə görüşdə beynəlxalq birliyin Ermənistan–Azərbaycan münaqişəsinə münasibətdə illərlə ikili standartlar nümayiş etdirdiyini də açıq şəkildə ifadə etdiyini xatırladıb:
“Cənab Prezident bildirib ki, 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas məqsədi münaqişəni həll etmək yox, işğalı əbədi saxlamaq olub”.
N.Məmmədova dövlət başçısının bu fikrini də diqqətə çatdırıb:
“Əgər Ermənistan kimi kiçik və kasıb ölkəyə vaxtında sanksiyalar tətbiq edilsəydi, işğala son qoyulardı. Təəssüf ki, beynəlxalq ictimaiyyət 30 il ərzində bu ədalətsizliyə göz yumdu”.
Deputat sonda vurğulayıb ki, Azərbaycan bütün bu çətinliklərə baxmayaraq, qələbəni yalnız öz gücü hesabına təmin edib:
“Bu, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasətin nəticəsidir. Azərbaycan işğalın nəticələrini aradan qaldırır, lakin keçmişi heç vaxt unutmayacaq. Dövlət başçısının da dediyi kimi, bundan sonra sülh və təhlükəsizlik içində yaşamaq üçün bu tarixi unutmamalıyıq”.












