Azərbaycanın dövlət borcu açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın dövlət borcu açıqlanıb

Qafar Ağayev15:00 - 05 / 01 / 2026
Azərbaycanın dövlət borcu açıqlanıb

2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.

1news.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.

Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb

2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib.

2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.

Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının,
180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür.

Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.

Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və 3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər