Bakıda taksi sayı tələbatı üstələyir: AYNA rəqəmləri açıqladı - ÖZƏL
"Hazırda Bakı şəhəri üzrə 42 729 nəqliyyat vasitəsinin buraxılış kartı mövcuddur".
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)bildirilib
"Gündəlik reysə çıxan taksi minik avtomobillərinin sayı təxminən 23 min civarındadır ki, bu da bazarda taksi sayının tələbatdan artıq olduğunu göstərir. Hazırda taksi xidməti sahəsində mövcud tələbat tam ödənilir" - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşıma üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 min kvota ilə müəyyən edilib. Kvota ilə bağlı müraciətlərin qəbulu 30 dekabr saat 23:59-da başa çatıb. Bu aydan etibarən müraciətlərin qeydiyyatı və baxılması növbəlilik prinsipi əsasında və şəffaf şəkildə həyata keçiriləcək.
Bildirilib ki, növbəlilik sırası gücləndirilmiş elektron imza ilə göndərilən ərizənin tarix və vaxtına əsasən müəyyən olunur. Növbədə olan nəqliyyat vasitələrinin sayı, eləcə də buraxılış kartı qüvvədə olan avtomobillərin sayı və kvotada yaranan boş yerlər barədə məlumatları AYNA-nın rəsmi saytından əldə etmək mümkün olacaq.
Kvotada boşalan yerlərin sayı növbədə olan şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda, növbə çatdığı zaman yalnız boş yer sayı qədər avtomobilə buraxılış kartı veriləcək, qalan nəqliyyat vasitələri isə növbədə saxlanılacaq. Müraciətlərə ardıcıllıqla baxılacaq və bir növbə tam yekunlaşmadan növbəti müraciət üzrə sistemdə qərar qəbul edilməsi mümkün olmayacaq.
Qeyd edilib ki, buraxılış kartlarının sayı bir neçə halda azala bilər: kartın müddəti bitdikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə, sahibkar qanunvericiliyin tələblərini pozduqda və ya öz istəyi ilə sahibkarlıq fəaliyyətinə xitam verdikdə. Bazarda taksi sayının çox olması səbəbindən kvotada boş yerlərin yaranmasının müəyyən vaxt tələb edəcəyi vurğulanıb.
Son müraciət tarixindən sonra təqdim edilən ərizələr sistemdə gözləməyə alınır və kvotada yer azad olduqdan sonra növbəlilik prinsipi ilə baxılır. Növbəliliklə bağlı əlavə məlumatların vaxtaşırı açıqlanacağı da bildirilib.












