Rusiya Ukraynaya “Oreşnik”lə zərbə endirdi, Ukraynadan CAVAB
Rusiya Ukraynaya qarşı müharibədə ən güclü hava zərbələrindən birini həyata keçirib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya ötən gecə Polşa sərhədindən cəmi 70 kilometr aralıda yerləşən Lvov vilayətini “Oreşnik” hipersəs ballistik raketi ilə vurub. Hücum zamanı bölgədəki yeraltı təbii qaz anbarları hədəfə alınıb.
Bildirilir ki, Rusiyanın Strateji Raket Qüvvələri Xəzər sahilində yerləşən “Kapustin Yar” poliqonundan buraxılan, 6 döyüş başlığına malik taktiki “Oreşnik” raketi saatda təxminən 13 min kilometr sürətlə hərəkət edərək Lvov vilayətindəki obyektlərə tuşlanıb. Anbarların yaşayış məntəqələrindən kənarda yerləşməsi səbəbindən insan tələfatı qeydə alınmayıb. Bununla da Rusiya Ukrayna müharibəsi ərzində bu tip raketdən ikinci dəfə istifadə etmiş olub. Təxminən 1600 kilometr məsafə qət edən zərbə Qərbə açıq mesaj kimi dəyərləndirilir.
Rusiya Müdafiə Nazirliyi hücumu hadisədən 10 saat sonra təsdiqləyib. Nazirliyin açıqlamasında qeyd olunub ki, raket zərbəsi 29 dekabr 2025-ci ildə Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hava hücumu cəhdi ilə bağlı atdığı iddia edilən addıma cavab olaraq həyata keçirilib. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər Qərb kəşfiyyat qurumları Ukraynanın belə bir hücum təşkil etdiyini təsdiqləməyib.
Eyni gecə paytaxt Kiyev də kütləvi dron və raket hücumlarına məruz qalıb. Xarici KİV-lərin yazdığına görə, hücumlar nəticəsində təxminən 500 min sakin üçün şəhərdə normal həyat faktiki olaraq iflic olub. Havanın temperaturunun mənfi 10 dərəcə olduğu Kiyevdə 900-ə yaxın çoxmərtəbəli binada istilik sistemi sıradan çıxıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, zədələnmiş infrastrukturun bərpası bir neçə gün çəkə bilər və paytaxt sakinlərinə müvəqqəti olaraq şəhəri tərk etməyi tövsiyə edib.
Bu arada Ukrayna da cavab zərbələri endirib. Məlumata görə, Ukrayna dronları Rusiyanın Belqorod vilayətində elektrik paylayıcı şəbəkəni vurub. Vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hücum nəticəsində 600 minə yaxın sakin işıqsız qalıb, 1900 mənzildə istilik sistemi dayanıb, təxminən 200 min nəfərə içməli su verilişi dayandırılıb.












