Taylandda qatar qəzası: ölənlər və yaralılar var
Taylandın paytaxtı Banqkokdan ölkənin şimal-şərqinə hərəkət edən sərnişin qatarı üzərinə tikinti kranının düşməsi nəticəsində relsdən çıxaraq aşıb.
1news.az xəbər verir ki, Tayland polisi hadisənin Banqkokdan təxminən 230 kilometr şimal-şərqdə, Nakhon Ratchasima əyalətinin Sikhio rayonunda baş verdiyini açıqlayıb. Məlumata görə, yüksək sürətli qatar layihəsi çərçivəsində aparılan tikinti işləri zamanı kran aşıb və hərəkətdə olan qatarın vaqonlarından birinin üzərinə düşüb.
Qəza nəticəsində ilkin məlumata əsasən azı 22 nəfər həyatını itirib, 30-dan çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rəsmilər qatarın relsdən çıxması sonrası baş verən yanğının söndürüldüyünü, ərazidə axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildiriblər.
Qatarda olan sərnişinlərin dəqiq sayı ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.











