Tramp yenidən Qrenlandiyanı gündəmə gətirdi: “Artıq vaxtı çatıb”
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı Avropa İttifaqını narahat edən çıxışlarını davam etdirir.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tramp ölkəsinin milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyac olduğunu bir daha bəyan edib və Danimarkanın adanı Rusiya təhdidindən qorumaq üçün yetərli addımlar atmadığını iddia edib.
ABŞ Prezidenti sosial şəbəkə hesabında paylaşım edərək, NATO-nun son 20 ildə Danimarkanı Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı dəfələrlə xəbərdar etdiyini bildirib və “Artıq vaxtıdır və bu, həyata keçiriləcək” ifadələrini işlədib.
Qeyd edək ki, Donald Tramp son günlərdə Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını mütəmadi olaraq vurğulayır. Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra əsas fikir ayrılıqlarının aradan qalxmadığı və ABŞ-ın Qrenlandiyanı ələ keçirmək niyyətinin açıq şəkildə hiss olunduğu bildirilib.
Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya isə daha əvvəl ABŞ-ın bu istiqamətdəki təkliflərini rədd edib. Avropa ölkələrinin Qrenlandiyaya kiçik hərbi birliklər göndərmək qərarından sonra Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.









