Bakıdan Sumqayıta gedən taksilər niyə geri sifariş götürə bilmir? – İzahı ekspertlərin öhdəsinə buraxılan qaydalar
Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar ictimaiyyət və sürücülər arasında geniş rezonans doğurub.
Sosial şəbəkələrdə bu mövzu ətrafında yayılan müxtəlif məlumatlar fonunda taksi sürücülərinin artıq hərəkət azadlığının məhdudlaşdırıldığı, guya yalnız buraxılış kartı və fərqlənmə nişanının verildiyi ərazi daxilində fəaliyyət göstərə biləcəkləri barədə iddialar qızğın müzakirələrə səbəb olub.
Müxtəlif aqreqatorlarda çalışan sürücülərin yer aldığı ixtisaslaşmış qruplarda panik əhval-ruhiyyə müşahidə olunur. Taksi sürücüləri onları yaxın gələcəkdə hansı dəyişikliklərin gözlədiyini anlamağa çalışırlar. Müzakirələrin əsas mövzusu ərazi məhdudiyyətləri ilə bağlıdır: sürücülər Sumqayıtdan Bakıya geri dönüş sifarişini qəbul edə bilməmələrindən kütləvi şəkildə şikayət edir, bu cür bloklamaların səbəblərini və hüquqi əsaslarını anlamadıqlarını bildirirlər.
Bu mövzu həqiqətən də çoxsaylı suallar doğurur. İlk növbədə, buraxılış kartında göstərilən ərazi sərhədləri praktikada necə tənzimlənəcək? Bu, Bakından Sumqayıta sərnişin aparan sürücünün geri dönüşü məcburən “boş” etməli olacağı anlamına gəlirmi?
.jpg)
.jpg)
.jpg)


1news.az redaksiyası sürücülərin narahatlıqlarının nə dərəcədə əsaslı olduğunu və yeni məhdudiyyətlərin arxasında əslində nə dayandığını aydınlaşdırmaq qərarına gəlib. Ətraflı izahat almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurum cavab olaraq artıq açıq mənbələrdə mövcud olan qanunvericilikdən çıxarış təqdim edib:
“Azərbaycan Respublikasının «Avtomobil nəqliyyatı haqqında» Qanununun 20.2-ci maddəsinə əsasən, minik avtomobilləri ilə taksi sərnişindaşıması buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində istənilən şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrutlar üzrə həyata keçirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə görə, buraxılış kartı ilə müəyyən edilmiş ərazi hüdudlarından kənarda minik taksisi ilə sərnişindaşıma həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur”.
Oxucular üçün nəzarət mexanizmlərinin ətraflı izahı ilə bağlı sorğumuza baxmayaraq, Agentlik əlavə detallarla bağlı ekspertlərə və operator şirkətlərə müraciət etməyi tövsiyə edib. Bu mövqe suallar doğurur: dövlət qanunlarının şərhini niyə özəl şirkətlər verməlidir və icra mexanizmləri hələ də dəqiqləşdirilmədiyi halda Agentlik sürücüləri hansı əsaslarla cərimələməyi planlaşdırır?
Eyni zamanda, bu cür səfərlərin iqtisadi cəhətdən səmərəsiz olmasının göstərilən xidmətlərin keyfiyyətinə necə təsir edəcəyi və cərimə sanksiyalarının tətbiqinin sərnişindaşıma tariflərinin artımına səbəb olub-olmayacağı da aktual suallar sırasındadır.
Dövlət qurumunun tövsiyəsinə uyğun olaraq, bu məsələlərlə bağlı ətraflı izahat almaq üçün ölkədə fəaliyyət göstərən ən iri taksi xidmətlərinə müraciət etdik. "Bolt" şirkəti sorğumuza cavab olaraq yaxın zamanda mövqelərini açıqlayacaqlarını bildirib. "Yango" şirkəti isə rəsmi şəkildə hazırda bu məsələ ilə bağlı hər hansı şərh verə bilməyəcəklərini açıqlayıb.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev də öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, sözügedən qanun 2023-cü ildən mövcuddur, lakin yeni nəzarət sistemlərinin tətbiqi səbəbindən məhz bu gün aktuallaşıb.
“Bakıda "rəqəmsal əkiz" adlanan sistem tətbiq olunur. Buraya müxtəlif məlumatlar daxil olur və nəqliyyat axınları bu sistem vasitəsilə müəyyənləşdirilir. Hər gün paytaxta müxtəlif istiqamətlərdən 300 min avtomobil daxil olur ki, bu da yol şəbəkəsinin hərəkətliliyinə birbaşa təsir göstərir. Bununla əlaqədar alternativlərin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir: avtobuslar üçün xüsusi zolaqlar ayrılır, mikromobillik üçün yollar salınır, metro və dəmir yollarının genişləndirilməsi, eləcə də tramvayın qaytarılması ilə bağlı Dövlət Proqramı təsdiqlənib”, – deyə ekspert qeyd edib.
R. Ağamirzəyev bildirib ki, cari ilin 1 yanvar tarixindən etibarən Bakıda taksilərin sayına kvota tətbiq edilib – 25 min avtomobil. Bu isə regionlardan olan sürücülər üçün oyun qaydalarını köklü şəkildə dəyişir.
“Bakıda fəaliyyət üçün icazə alanlar burada işləyəcək, Sumqayıtda icazə alanlar isə Sumqayıtda. Əgər sürücü bir şəhərdən digərinə sərnişin apararsa, geri dönüş zamanı artıq sifariş qəbul edə bilməyəcək. Bu addım sahənin tənzimlənməsinə və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasına yönəlib”, – deyə ekspert əlavə edib.
O, eyni zamanda aqreqatorlar üçün də ciddi risklərin mövcud olduğunu vurğulayıb. Belə ki, operatorlar ərazi hüdudlarını pozan sifarişləri qəbul etdikləri halda, onların lisenziyalarının ləğv edilməsi mümkündür.
Beləliklə, hazırkı mərhələdə dövlət qurumları konkret və rəsmi izahatlar vermədən, əsasən ekspert rəylərinə istinad etməklə kifayətlənirlər. Şirkətlər də oxşar vəziyyətdədir: onlar da bu məsələ ilə bağlı əhatəli məlumat əldə etmədiklərindən gözləmə mövqeyi tutaraq susmağa üstünlük verirlər.
Mövcud qeyri-müəyyənlik şəraitində isə sürücülərə yalnız ehtimallar yürütmək qalır — cərimə mexanizmlərinin praktikada necə işləyəcəyi, hansı nəzarət alətlərinin tətbiq olunacağı və yeni qaydaların gündəlik nəqliyyat fəaliyyətinə hansı təsirləri göstərəcəyi hələ də açıq sual olaraq qalır.
Faiqə Məmmədova












