“Ermənilər 366-cı motoatıcı alayın iştirakı ilə Xocalıda soyqırım törədib” - ŞƏRH
"Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı bəşər tarixinin ən ağır cinayətlərindən biri hesab olunur".
Bunu Xocalı soyqırımının ildönümü ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat deyib ki, bu qanlı hadisə yalnız bir şəhərin işğalı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin ən faciəli təzahürü olub.
"Mülki əhaliyə qarşı misli görünməmiş qəddarlıqla törədilən bu cinayət öz ağlasığmaz vəhşilikləri ilə insanlığın mənəvi sərhədlərini aşıb və beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozub. Xocalı faciəsi təsadüfi hərbi toqquşma deyil, Ermənistanın iki əsrdən artıq müddətdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin qanlı davamı olub".
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin ilk illərində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum edib və hücumun əsas hədəfi hərbi obyektlər deyil, dinc və silahsız əhali olub.
Deputat deyib ki, Xocalı şəhəri strateji mövqeyinə görə mühüm əhəmiyyət daşıyıb, burada Qarabağın yeganə hava limanı yerləşib və şəhər bölgənin mühüm nəqliyyat qovşaqlarından biri olub.
"Həyata keçirilən hücumun xarakteri göstərir ki, məqsəd yalnız ərazi işğalı deyil, əhalinin fiziki məhvi və qorxu yaratmaqla Azərbaycan xalqının iradəsini sındırmaq olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri ağır artilleriya atəşinə tutulub, şəhər hər tərəfdən mühasirəyə alınıb və şəhəri tərk etməyə məcbur olan əhali əvvəlcədən hazırlanmış pusqularda atəşə tutulub. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında dinc sakinlər ya yerindəcə öldürülüb, ya da əsir götürülüb. Hücumdan sonra şəhərdə qalan təxminən 2500 nəfər əhali azərbaycanlıların nəzarətində olan ərazilərə çatmaq ümidi ilə dağlara üz tutub, lakin şaxtalı hava şəraitində təqib edilərək bir qismi güllələnib, bir qismi isə donaraq həlak olub".
Ş.Seyidzadə diqqətə çatdırıb ki, rəsmi məlumatlara görə Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olub. O bildirib ki, 8 ailə tamamilə məhv edilib, 27 ailənin yalnız bir üzvü sağ qalıb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 230 ailə ailə başçısını itirib, 487 nəfər şikəst olub, 1275 nəfər əsir götürülüb və 150 nəfərin taleyi bu günədək naməlum qalır.
Onun sözlərinə görə, xüsusi qəddarlıqla törədilmiş qətllər və işgəncələr bu hadisənin sadəcə müharibə cinayəti deyil, insanlığa qarşı cinayət olduğunu açıq şəkildə sübut edir.
"İşğal nəticəsində Xocalı şəhəri tamamilə xarabalığa çevrilib, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılıb, XIV–XV əsrlərə aid tarixi abidələr məhv edilib".
Ş.Seyidzadə qeyd edib ki, Xocalı soyqırımına ilk dəfə rəsmi və prinsipial siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib və 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib.
"1997-ci il 25 fevral tarixli Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan olunması dövlətin faciə qurbanlarına ehtiramının ifadəsidir".
Deputat vurğulayıb ki, Xocalı faciəsi miqyasına və qəddarlığına görə Holokost soyqırımı ilə müqayisə olunur və bu cinayət yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib.
"Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoyub və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur".
Deputat, İlham Əliyevin “Xocalı azad olunmadan Azərbaycan xalqı rahat ola bilməzdi” fikrini xatırladaraq bildirib ki, bu ifadə Xocalının milli şüurumuzda tutduğu yeri və faciənin dərin psixoloji izlərini aydın şəkildə göstərir.







