Tbilisi prospekti–Salamzadə küçəsi qovşağında layihə yekunlaşır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tbilisi prospekti–Salamzadə küçəsi qovşağında layihə yekunlaşır

Qafar Ağayev17:38 - Bu gün
Tbilisi prospekti–Salamzadə küçəsi qovşağında layihə yekunlaşır

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, yaxın günlərdə ərazini yeni görkəmdə görmək mümkün olacaq.

Layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilir. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qalxacaq.
Həmçinin Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılır.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilir.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər