Tsaxkadzor görüşünün iştirakçısı: “Sülh Körpüsü” stereotip və etimadsızlığın aradan qaldırılmasına töhfə verə bilər
Xəbər verdiyimiz kimi, 13–14 fevral 2026-cı il tarixlərində Ermənistanın Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Tədbirdə hər iki ölkənin vətəndaş cəmiyyəti institutları, ekspert dairələri və media təmsilçiləri iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsindən keçərək Ermənistana daxil olub ki, bu da iştirakçılar tərəfindən etimadın artırılması istiqamətində praktik irəliləyiş kimi qiymətləndirilib.
Eyni zamanda proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər.
Artıq 3-cü dəfədir ki, bu səpkidə görüşlər keçirilir. Bu görüşlərin əhəmiyyəti nədir?
Azərbaycan nümayəndə heyətinin üzvlərindən olan “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva məsələ ilə bağlı 1news.az-a şərhində deyib ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsi və gələcək inkişaf perspektivləri geniş şəkildə müzakirə edildi.
“Xüsusilə 8 avqust 2025-ci il Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrası, onun region üçün siyasi, təhlükəsizlik və iqtisadi nəticələri diqqət mərkəzində oldu. Regional təhlükəsizlik mühiti, sərhədlərin delimitasiya və demarkasiyası prosesi, nəqliyyat və kommunikasiya bağlantıları ilə bağlı məsələlər üzrə hər iki tərəfin baxışları təqdim edildi.
Bundan əlavə, vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, ictimai kommunikasiya strategiyaları və cəmiyyətlərarası dialoq mexanizmləri müzakirə olundu.
Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və davamlı sülhün sosial-iqtisadi üstünlükləri ayrıca sessiyada diqqət mərkəzində idi”.
N.Əliyeva qeyd edib ki, nümayəndə heyətinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşü vətəndaş cəmiyyəti təşəbbüslərinin rəsmi sülh gündəliyi ilə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu görüşlər göstərdi ki, vətəndaş cəmiyyəti platformaları rəsmi diplomatik səyləri tamamlayan paralel mexanizm kimi çıxış edə bilər. Belə təmaslar sülh prosesinin yalnız dövlətlərarası sənədlərlə məhdudlaşmadığını, cəmiyyət səviyyəsində də dəstəklənməsinin vacib olduğunu nümayiş etdirir. Eyni zamanda bu format ictimai təşəbbüslərin qərarverici strukturlara çatdırılması və real siyasətə töhfə verməsi üçün əlavə imkan yaradır”.
““Sülh Körpüsü” təşəbbüsü birbaşa dialoq və şəxsi ünsiyyət vasitəsilə uzun illər formalaşmış qarşılıqlı etimadsızlıq və stereotiplərin aradan qaldırılmasına töhfə verə bilər. İnsanların bir masa ətrafında açıq və konstruktiv müzakirə aparması, bir-birinin baxışlarını birbaşa eşitməsi informasiya boşluqlarını azaldır və emosional baryerləri zəiflədir” - o, fikirlərinə əlavə edib:
“Xüsusilə delimitasiya olunmuş sərhəd hissəsindən rəsmi prosedurlar çərçivəsində keçid və geri dönüşün baş tutması praktiki etimad addımı kimi qiymətləndirilə bilər. Bu cür real təcrübələr cəmiyyətlərdə “mümkün əməkdaşlıq” təsəvvürünü gücləndirir və qarşı tərəfi yalnız siyasi diskurs çərçivəsində deyil, insan səviyyəsində görməyə imkan yaradır”.
Sədr müavini deyib ki, gənclərin və qadınların daha fəal iştirakı üçün bir neçə mexanizm vacibdir:
- Xüsusi gənclər və qadın liderlik proqramlarının yaradılması;
- Birgə təlimlər, mübadilə proqramları və layihə əsaslı əməkdaşlıq təşəbbüsləri;
- Media və ictimai kommunikasiya platformalarında onların səsinin daha çox görünməsi;
- Qrant və dəstək mexanizmləri vasitəsilə qadın və gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi;
- Rəsmi və qeyri-rəsmi dialoq formatlarında kvota və ya balans mexanizmlərinin tətbiqi.
Bu yanaşma sülh prosesinin daha inklüziv və davamlı olmasına kömək edə bilər, çünki gənclər və qadınlar cəmiyyətin sosial transformasiyasında mühüm rol oynayırlar”.
Təhlükəsizlik məsələsinə toxunan N.Əliyeva bildirib ki, təhlükəsizlik məsələləri yüksək səviyyədə təşkil olunmuşdu.
“Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq delimitasiya edilmiş sərhəd hissəsindən keçməklə Ermənistana daxil olmuş və eyni marşrutla geri qayıtmışdır. Bu fakt həm prosedur şəffaflığının, həm də təhlükəsizlik təminatının mövcud olduğunu göstərir. Tədbirin təşkil olunduğu müddətdə iştirakçıların təhlükəsizliyi təmin edilmiş, rəsmi görüşlər və proqram çərçivəsində tədbirlər sabit və nəzarətli mühitdə həyata keçirilmişdir. Ümumilikdə, səfərin gedişi təhlükəsizlik baxımından hər hansı insident olmadan başa çatmış və bu da etimadın möhkəmləndirilməsi istiqamətində praktik addım kimi qiymətləndirilə bilər”.
Həmçinin oxuyun:
Azərbaycan nümayəndə heyəti dəyirmi masada iştirak üçün Ermənistandadır - FOTO
“Sülh Körpüsü” təşəbbüsünün Ermənistan-Azərbaycan konfransının yekunlarına dair BƏYANAT
Bakıda “Sülh Körpüsü” Təşəbbüsünün növbəti görüşü keçirilmişdir - FOTO







