Vüsal Xanlarov: Rəqəmsal təhsil xidmətlərindən istifadə edənlərin sayı 530 minə çatıb
“Təhsil xidmətləri “myGov” platformasına inteqrasiya olunub, rəqəmsal məzmun istifadəçilərinin sayı 530 minə çatıb”.
1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib:
“Platforma vasitəsilə vətəndaşlar müxtəlif məlumatları əldə edə bilirlər. Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir”.
Vüsal Xanlarov qeyd edib ki, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı Vahid Giriş Sisteminə – MyGovID/SİMA-ya qoşulub. Bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.












