Mərkəzdə sabitlik, qəsəbələrdə bahalaşma: Bakıda əmlak bazarındakı dəyişikliyin SƏBƏBLƏRİ – ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Mərkəzdə sabitlik, qəsəbələrdə bahalaşma: Bakıda əmlak bazarındakı dəyişikliyin SƏBƏBLƏRİ – ŞƏRH

Qafar Ağayev11:45 - Bu gün
Mərkəzdə sabitlik, qəsəbələrdə bahalaşma: Bakıda əmlak bazarındakı dəyişikliyin SƏBƏBLƏRİ – ŞƏRH

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarı iqtisadi proseslərin, urbanizasiya tempinin və sosial dəyişikliklərin təsiri altında formalaşır.

Xüsusilə paytaxt Bakıda mənzil qiymətlərinin dinamikası, kirayə bazarındakı dəyişikliklər və yeni tikililərin taleyi cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri olaraq qalır.

Bəs hazırda bazarda real vəziyyət necədir? Qiymətlərdə artım davam edəcəkmi, yoxsa sabitləşmə mərhələsi başlayıb? Kirayə bazarında müşahidə olunan dəyişikliklər nə ilə bağlıdır? Sənədsiz evlər, pilot layihələr və nəqliyyat infrastrukturunun genişlənməsi qiymətlərə necə təsir göstərir?

1news.az daşınmaz əmlak bazarındakı mövcud vəziyyətlə bağlı suallara aydınlıq gətirmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri, iqtisadçı ekspert Asif İbrahimlinin fikirlərini öyrənib.

Asif İbrahimli bildirib ki, hazırda Bakı daşınmaz əmlak bazarında kəskin və ümumi bahalaşma müşahidə olunmur:

“Hazırda Bakı daşınmaz əmlak bazarında kəskin bahalaşmadan daha çox seçici artım müşahidə olunur. Yəni bütün ərazilərdə eyni vaxtda qiymət yüksəlişi yoxdur. Mərkəzi rayonlarda qiymətlər əsasən sabit qalsa da, Bakıətrafı qəsəbələrdə və yeni tikililərdə tələbat fonunda artım daha nəzərə çarpır”.

Onun sözlərinə görə, bazarda ən çox tələb sənədli və yeni tikili, xüsusilə də orta seqment mənzillərə yönəlib:

“Ən çox tələbat sənədli, yeni tikili və orta seqment mənzillərədir. Köhnə sovet binalarına maraq əsasən söküntü gözləntiləri ilə bağlıdır. Həyət evləri isə xüsusilə şəhər ətrafında qiymət artımı baxımından daha aktiv seqment hesab olunur”.

Asif İbrahimli

A.İbrahimli kirayə bazarında artım tempinin davam etdiyini də vurğulayıb:

“Kirayə bazarında qiymət artımı davam edir. Regionlardan Bakıya köç, tələbə və gənc ailələrin sayının artması bu bazarı diri saxlayır. Kirayə bazarında vergi və qeydiyyat məsələlərinin tənzimlənməsi qısamüddətli dövrdə qiymətlərə təsir göstərə bilər, lakin uzunmüddətli perspektivdə bu, bazarda şəffaflığın artmasına xidmət edəcək”.

Ekspert sənədsiz evlərlə bağlı tələblərin sərtləşdirilməsinin də bazara təsir etdiyini bildirib:

“Sənədsiz evlərlə bağlı tələblərin sərtləşdirilməsi alıcıları daha çox hüquqi baxımdan təhlükəsiz əmlaka yönəldib. Bu da sənədli mənzillərin bazarda üstün mövqeyini daha da gücləndirir”.

O, pilot söküntü layihələrinin qiymətlərə təsirinə də toxunub:

“Pilot söküntü layihələri mərkəzi ərazilərdə təklifi azaldır. Nəticədə vətəndaşlar daha çox Bakıətrafı qəsəbələrə yönəlir və bu ərazilərdə qiymətlər yüksəlir. Verilən kompensasiya ilə əksər hallarda eyni ərazidə yeni mənzil almaq mümkün olmur”.

A.İbrahimli əlavə edib ki, infrastruktur layihələri bazarda gözləntiləri formalaşdıran əsas amillərdəndir:

“Yeni yolların, metro xətlərinin və nəqliyyat layihələrinin elan olunması belə qiymətlərə təsir göstərir. Çox vaxt bu cür xəbərlər əvvəlcədən bazar qiymətlərinə daxil edilir”.

Ekspert 2026-cı illə bağlı proqnozunu da açıqlayıb:

“2026-cı il üçün əsas gözlənti kəskin bahalaşma deyil, sabit və lokasiya əsaslı qiymət artımıdır. Ucuzlaşma isə yalnız ipoteka şərtlərinin sərtləşməsi, alıcılıq qabiliyyətinin azalması və ya bazara böyük həcmdə yeni təklifin çıxması halında mümkün ola bilər”.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər