Müdafiə Nazirliyi: Azərbaycana qarşı törədilmiş hücumların təkzib edilməsi heç bir halda məqbul sayıla bilməz | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Azərbaycana qarşı törədilmiş hücumların təkzib edilməsi heç bir halda məqbul sayıla bilməz

16:55 - Bu gün
Müdafiə Nazirliyi: Azərbaycana qarşı törədilmiş hücumların təkzib edilməsi heç bir halda məqbul sayıla bilməz

İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.

“Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik”, - deyə açıqlamada qeyd olunub.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər