Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng edib | 1news.az | Xəbərlər
Siyasət

Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng edib

16:44 - Bu gün
Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng edib

5 mart tarixində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng edib.

XİN-dən 1news.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 5 mart tarixində İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib.

Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Azərbaycan tərəfinin baş vermiş hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər