Alen Simonyan Sahibə Qafarova ilə görüşündən danışdı: Heç bir fikir ayrılığı müşahidə olunmadı - VİDEO
Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 17-də İstanbulda azərbaycanlı həmkarı Sahibə Qafarova ilə keçirdiyi görüş barədə danışıb və onu müsbət qiymətləndirib.
1news.az xəbər verir ki, bu barədə Simonyan Azərbaycanın “Real TV” telekanalına açıqlamasında bildirib.
O, tərəflər arasında ciddi fikir ayrılıqlarının olmadığını vurğulayıb.
“Görüş (Sahibə Qafarova ilə – red.) konstruktiv şəraitdə keçdi. Aramızda heç bir fikir ayrılığı müşahidə olunmadı. Bu, bəziləri üçün təəccüblü görünə bilər, lakin reallıqda qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlıq və gələcək perspektivlər üzrə müəyyən planlarımız var. Müzakirələr zamanı hər hansı maneə ilə üzləşmədik və ümid edirəm ki, bundan sonra da belə problemlər yaranmayacaq”, – deyə o qeyd edib.
Bakı ilə İrəvan arasında ticari-iqtisadi əlaqələrin qurulması məsələsinə də toxunan Simonyan qarşılıqlı ticarətin vacibliyini önə çəkib.
“Bu mövzunu uzun müddətdir gündəmə gətirirəm: biz ticarət əlaqələri qurmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq daha da genişləndirilməlidir. Məlumatım var ki, sahibkarlar, dövlət qurumları və aidiyyəti strukturlar artıq bu sahədə fəaliyyət göstərirlər və bu, müsbət haldır. Hər iki ölkənin maraqları baxımından bu prosesi davam etdirmək və daha da dərinləşdirmək vacibdir”, – deyə o əlavə edib.
Spiker eyni zamanda, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini də müsbət addım kimi qiymətləndirərək bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.












