Füzulidə I Qarabağ müharibəsinin daha iki itkin-şəhidi dəfn edilib - YENİLƏNİB
Füzuli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.
1news.az "Report"a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ə.Həziyev 1973-cü il martın 29-da Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi istiqamətində itkin düşüb.
Z.Sadıqov 1973-cü il noyabrın 2-də Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də rayonun Cuvarlı kəndi istiqamətində itkin düşüb.
12:54
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ilin iyulun 23-ü Füzulinin Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birgə şəhid olub. Şəhidlər həmin postun ərazisində, əsir düşmüş 6 nəfər silahdaşının erməni silahlılarının məcburiyyəti ilə basdırılıb. 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib, lakin nəşi tapılmayıb.
Əsirlikdən qayıtmış 3 nəfər silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında basdırıldığı ərazidə qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 2 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.





















