196 ölkədə axtarışa verilən azərbaycanlı “qızıl adam” Türkiyədə belə saxlanılıb - VİDEO
Qızıl qaçaqmalçılığı ilə bağlı 196 ölkədə İnterpolun “Qırmızı bülleten”i ilə axtarılan Azərbaycan vətəndaşı İnqilab Babayev Türkiyədə həbs edilib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbulun Eyüpsultan rayonunda yerləşən evdə saxlanılıb.
Məlumata görə, Babayev ailə üzvləri ilə görüşmək üçün İstanbula gəlib və polis onun izinə düşərək əməliyyat keçirib. O, yaxınlarının şəhərə gəlməsindən sonra tutulub.
İddialara görə, 38 yaşlı İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında aşkarlanan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin əməliyyatda 16 kiloqram qızıl aşkarlanmış, 7 nəfər saxlanılmışdı.
Hadisənin təşkilatçısı olduğu bildirilən Babayev daha sonra gizlənmişdi.
Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Türkiyə mediası onu “Qızıl adam” kimi təqdim edir.












