“Pet-friendly” Bakı: qonaqları ev heyvanları ilə qəbul edən məkanlar – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pet-friendly” Bakı: qonaqları ev heyvanları ilə qəbul edən məkanlar – SİYAHI

Cəmilə Sücədinova15:38 - Bu gün
“Pet-friendly” Bakı: qonaqları ev heyvanları ilə qəbul edən məkanlar – SİYAHI

Son illərdə Bakıda ev heyvanı saxlayan insanların sayı getdikcə artır və onlar artıq bu heyvanları sadəcə “evdə saxlanılan canlı” kimi deyil, gündəlik həyatlarının ayrılmaz bir hissəsi kimi qəbul etməyə başlayırlar.

Bununla yanaşı, ev heyvanı ilə yalnız həyətə çıxmaqla kifayətlənməyib, şəhər mühitində onunla rahat şəkildə vaxt keçirməyə imkan verən şəraitə tələbat da tamamilə məntiqi olaraq formalaşır.

Söhbət təkcə itlə birlikdə qəhvə içmək və ya ev heyvanı ilə ictimai məkanlara daxil olmaq imkanından getmir. Daha geniş mənada bu, cəmiyyətin müxtəlif qrupların maraqlarını nə dərəcədə nəzərə almağa hazır olduğunu, rahat infrastruktur formalaşdırmaq və heyvanlara şəhər həyatının tamhüquqlu bir hissəsi kimi humanist yanaşma qurmaq bacarığını əks etdirir.

Bununla belə, ev heyvanı sahiblərinin sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə artsa da, onların gündəlik üzləşdiyi məhdudiyyətlərin sayı da paralel şəkildə çoxalır. Bir çox məkanlar hələ də ev heyvanı ilə gələn ziyarətçiləri qəbul etmir, ictimai məkanlar kifayət qədər uyğunlaşdırılmayıb, heyvanların mövcudluğu isə tez-tez potensial problem kimi qəbul olunur.

Daha əvvəl 1news.az redaksiyası artıq öz eksperimentini apararaq, adi ziyarətçi kimi Bakının məşhur kafe və restoranlarına müraciət edib sadə bir sual ünvanlamışdı: “Sizin məkana itlə gəlmək mümkündürmü?”

Nəticədə əldə olunan göstəricilər kifayət qədər diqqətçəkən və bir çox hallarda məyusedici olub. Müəssisələrin əhəmiyyətli bir hissəsi ya ümumiyyətlə heyvanlarla girişə icazə vermir, ya da məhdudiyyətləri yalnız ev heyvanının ölçüsünə görə tətbiq edirdi. Bir çox hallarda isə icazə yalnız qucaqda saxlanıla bilən və ya çantada daşınan kiçik itlərə şamil olunurdu.

Belə yanaşma Azərbaycanda "pet-friendly" mədəniyyətinin əsas problemlərindən birini açıq şəkildə göstərir. Çox vaxt ictimai məkanlarda “ev heyvanı” anlayışı yalnız heyvan ətrafdakılar üçün demək olar ki, nəzərə çarpmadığı halda qəbul edilir. Yəni iri və orta ölçülü itlər, onların tərbiyəsindən, sosiallaşmasından və davranışından asılı olmayaraq, avtomatik şəkildə narahatlıq mənbəyi kimi qəbul olunur.

Əvvəlki materialın dərcindən sonra mövzu oxucular arasında geniş rezonans doğurmuş, bir çox heyvan sahibləri də öz təcrübələrini bölüşərək, hətta ev heyvanı ilə şəhərdə sadəcə vaxt keçirmək cəhdlərində belə qarşılaşdıqları davamlı imtinalar və çətinliklərdən danışıblar.

Məhz buna görə redaksiya paytaxtda pet-friendly mühitin araşdırılmasını davam etdirmək qərarına gəlib, lakin bu dəfə mövzuya fərqli prizmadan yanaşaraq, ev heyvanı ilə gələn qonaqları həqiqətən məmnuniyyətlə qarşılayan məkanların siyahısını hazırlayıb.

Bu dəfə kafe və restoranlara müraciət zamanı yalnız heyvanla gəlməyin mümkün olub-olmadığını soruşmaqla kifayətlənmədik, eyni zamanda ölçü ilə bağlı məhdudiyyətlərin olub-olmadığını da ayrıca dəqiqləşdirdik. Çünki məqsədimiz çəkisi və ya ölçüsündən asılı olmayaraq, ev heyvanlarını qəbul etməyə hazır olan məkanları müəyyənləşdirmək idi.

Ev heyvanları ilə ziyarətə açıq olduqlarını açıq şəkildə təsdiqləyən məkanlar arasında “Nomad Bakery” də yer alıb.

“La Mia Colazione”da da müsbət cavab verərək, ziyarətçilərin ev heyvanları ilə birlikdə gələ biləcəyini bildiriblər.

“Caffecino”da da qonaqları ev heyvanları ilə qəbul etməyə hazır olduqlarını qeyd ediblər.

“Coffeebar”da isə heyvanlarla ziyarətə icazə verildiyi təsdiqlənib, yalnız çox iri itlər üçün ağızlığın olması tövsiyə olunub.

“Pet-friendly” formatını dəstəkləyən məkanlar sırasında “WSpace” də var.

“United Coffeebeans” ev heyvanı ilə ziyarət imkanını ciddi məhdudiyyətlər olmadan təsdiqləyib.

“Hugnmug”da da sual müsbət qarşılanıb və heyvan sahiblərinə rahat ziyarət imkanı yaradıldığı bildirilib.

“42 Coffee Roaster” da ev heyvanları ilə gələn qonaqlara icazə verən məkanlar siyahısına daxil olub.

“Meating Point”də də ziyarətçilərin heyvanları ilə birlikdə gələ biləcəyi qeyd olunub.

“The Cups” da ev heyvanları ilə gələn qonaqları qəbul etməyə hazırdır.

“Teayoume”da da ev heyvanları ilə ziyarətə icazə verildiyi təsdiqlənib, ziyarətçilərin sözlərinə görə isə burada heyvanlar üçün xüsusi su qabları da təqdim olunur.

Bundan əlavə, “Nanas Bakery”də də ev heyvanları ilə gələn qonaqlara müsbət yanaşıldığı bildirilib.

Daimi oxucumuza və tüklü dostu Oddiyə fotoları bizimlə bölüşdüklərinə görə təşəkkür edirik. Qeyd edək ki, bu görüntülər “Nomad Bakery”, “Central Cafe”, “Paris Bistro”da çəkilib.

Şübhəsiz ki, hazırda Bakıda bu cür məkanlar daha çox xoş istisna kimi qalır, nəinki dayanıqlı şəhər normasına çevrilib. Bununla belə, onların mövcudluğu faktının özü artıq göstərir ki, "pet-friendly" format Azərbaycan reallığında tez-tez sərt qadağaları əsaslandırmaq üçün irəli sürülən “fəlakətli nəticələr” olmadan da uğurla işləyə bilər.

Xüsusilə diqqətçəkən məqam odur ki, sadalanan bu məkanlar təkcə kiçik dekorativ itləri deyil, həm də orta və iri ölçülü heyvanları qəbul etməyə hazırdır. Bu isə formal imitasiyadan deyil, həqiqətən inklüziv pet-friendly mühitin formalaşdırılması baxımından prinsipial əhəmiyyət daşıyır.

Hər halda, təcrübə çoxdan göstərir ki, məsuliyyətli sahibinin yanında, ipdə saxlanılan və tərbiyəli olan it yalnız ölçüsünə görə ətrafdakılar üçün problem yaratmır.

Daha böyük əhəmiyyətə malik olan məqamlar heyvanın sosiallaşması, davranışına nəzarət və sahibinin öz mədəniyyətidir. Məhz bu amillər uzun illərdir ki, belə sistemin uğurla tətbiq olunduğu ölkələrdə pet-friendly siyasətinin əsasını təşkil edir.

Biz isə Bakıdakı məkanları izləməyə davam edəcək və bu silsiləni davam etdirəcəyik!

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər