Məktəblərdə silahlı hücumlar və sosial şəbəkə təsiri – Deputatdan ciddi xəbərdarlıq
Uşaqların sosial şəbəkələrdən istifadəsi və bunun onların davranışına, psixologiyasına təsiri son dövrlər çox müzakirə olunur.
Rəqəmsal mühitdə yayılan zorakılıq və aqressiv məzmunun real həyatda da özünü göstərməsi narahatlıq doğurur.
Türkiyədə bu istiqamətdə qəbul edilən qanunvericilik təşəbbüsləri və baş verən hadisələr mövzunun ciddiliyini bir daha gündəmə gətirib. Belə ki, Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulub.
Bu fonda Azərbaycanda da uşaqların internet mühitində qorunması ilə bağlı atılan addımlar və mövcud yanaşmalar diqqət mərkəzindədir.
Türkiyədə tətbiq edilən bu kimi məhdudiyyət və nəzarət mexanizmlərinin Azərbaycanda tətbiqi nə dərəcədə effektiv ola bilər? Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması üçün yaş məhdudiyyətləri və texniki nəzarət kifayət edirmi, yoxsa əlavə tədbirlərə ehtiyac var? Ümumiyyətlə, rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması üçün dövlət, məktəb və valideynlər hansı rolu oynamalıdır?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə görülən tədbirlərlə razılaşdığını söyləyib.
“Müşahidələr göstərir ki, son zamanlar sosial şəbəkələr gənclərin, xüsusilə də yeniyetmələrin tərbiyəsinə çox böyük təsir edir. Biz buna ciddi nəzarət etməliyik. Burada həm xarici ölkələrin ideologiyaları, həm də müəyyən mənəvi məsələlərə toxunan zərərli kontentlər mövcuddur. Hesab edirəm ki, belə alətlər artıq bir neçə ölkənin qanunvericilik bazasında öz əksini tapıb. Buna biz də diqqət yetirməliyik və məsələ ilə bağlı müəyyən mexanizmlər tətbiq olunmalıdır. Eyni zamanda texnoloji şirkətlərin və valideynlərin məsuliyyəti də böyük rol oynayır”.
Xatırladaq ki, bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
2026-cı ilin 14 aprel tarixində Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində məktəbin 2007-ci il təvəllüdlü keçmiş şagirdi pnevmatik silahla atəş açaraq 16 nəfəri yaralayıb.
Hadisənin ertəsi günü isə Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 14 yaşlı şagird oxuduğu məktəbə silah gətirərək bir müəllim və səkkiz şagirdin ölümünə səbəb olub.














