“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

Qafar Ağayev13:38 - Bu gün
“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

29 aprel 2026-cı il tarixində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində növbəti görüş aparıcı media nümayəndələri ilə keçirilib.

1news.az xəbər verir ki, Təşəbbüs nümayəndələrinin iştirakı ilə keçən görüşdə açılış nitqi ilə çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov platformanın məqsədləri və fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə bildirilib ki, Ermənistanla aparılan danışıqlarda bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər olan mərhələ xüsusi önəm kəsb edir. Cəmiyyətdə sülh məsələsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və bu baxımdan parlament seçkiləri həm prosesin gələcəyi, həm də ictimai hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün vacibdir.

Qeyd edilib ki, “Sülh təşəbbüsü” çərçivəsində fəaliyyətlər heç bir xarici maliyyə olmadan həyata keçirilir və bu, Azərbaycan tərəfinin prinsipial mövqeyidir.

Medianın sülh prosesində önəmli rola vurğulanıb. Qeyd olunub ki, informasiya məkanında təxribat xarakterli materialların qarşısının alınması və məsuliyyətli yanaşmanın təşviqi üçün əlavə tədbirlər görülməlidir. Media mühiti spesifik xüsusiyyətlərə malikdir və bu sahədə müəyyən çətinliklər mövcuddur. İnformasiya resurslarında terminoloji yanaşmanın uyğunlaşdırılması məsələləri də müzakirə edilib.

Tədbirdə iştirak edən media nümayəndələri qeyd ediblər ki, televiziya və digər platformalarda birgə layihələrin həyata keçirilməsi sülh prosesinə töhfə verə bilər. Bildirilib ki, telekörpülərin təşkili, müzakirə proqramlarının hazırlanması və ekspert mübadiləsi bu istiqamətdə effektiv vasitələrdən biri ola bilər.

Bununla yanaşı, Ermənistan və Azərbaycan mediaları arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb, informasiya məkanında nifrət dilindən uzaq durulmasının vacibliyi qeyd edilib.

Sonda bildirilib ki, qarşılıqlı gözləntilərin düzgün müəyyənləşdirilməsi və cəmiyyətin bu prosesə marağının artırılması üçün media daha aktiv rol oynamalıdır.

Foto: Nadir İbrahimli

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər