“Bu pulu başqa hesaba köçürərsən?” xahişinin arxasında narkotik şəbəkəsi? – Jurnalistdən İDDİA - YENİLƏNİB
Bakı şəhərinin mərkəzində, Nizami küçəsində (Tarqovi) vətəndaşlara yaxınlaşaraq onlardan əlindəki pulu bankomat və ödəmə terminalları vasitəsilə başqa şəxslərin hesabına köçürmələrini xahiş edən şəxslərlə bağlı iddia yayılıb.
1news.az xəbər verir, məsələni jurnalist Aida Eyvazlı sosial şəbəkə hesabında gündəmə gətirib.
Onun paylaşımına görə, bəzi şəxslər vətəndaşlara yaxınlaşaraq əllərində olan müəyyən məbləğdə pulu onlara təqdim edərək, vəsaitin onun əvəzinə bankomat və ya ödəmə terminalları vasitəsilə başqa şəxsin hesabına köçürülməsini xahiş edirlər.
Jurnalist iddia edir ki, ona yaxınlaşan şəxs təxmini 55 yaşlı idi. Bu üsulla köçürülən pul vəsaiti sonradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin hesablarına yönləndirilə bilər. Araşdıma apardıqda isə bankomatın və ya terminalların kameralarında pulu göndərən şəxs olaraq sizin görüntüləriniz görünəcək.
Əlbəttə bu çox ciddi bir iddiadır. Bəzən kiməsə inanıb onun əvəzinə etdiyimiz köçürmə bizim üçün ciddi problemləmə çevrilə bilər. Eyni zaman bizə tanımadığımız hesabdan göndərilən hər bir vəsaitlə bağlı banka və aidiyyəti qurumlara məlumat verməliyik ki, sonradan hansısa cinayətkar şəbəkələrin, dələduzlar ən toruna düşməyək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların tanımadıqları şəxslərin xahişi ilə bankomat vasitəsilə pul köçürmələri etməsi ciddi risklərə səbəb ola bilər.
"Buna görə də vətəndaşlara tövsiyə olunur ki, dəqiqləşdirmə aparmadan tanımadıqları və ya əmin olmadıqları şəxslərin xahişi ilə pul köçürmə əməliyyatlarını icra etməsinlər, şəxsi və bank kartı məlumatlarını üçüncü şəxslərlə bölüşməsinlər".
**
Yazı 13:57-də yayımlanıb, daha sonra Daxili İşlər Nazirliyinin sorğumuza cavabı əlavə olunub.












