Hakan Fidandan Qara dənizlə bağlı xəbərdarlıq: “Cəbhəyə çevrilməsinə imkan verməməliyik”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə mülki gəmilərə qarşı son dövrlərdə artan hücumların ciddi təhlükə yaratdığını bildirib.
1news.az xəbər verir ki, nazir bunu Macarıstanın xarici işlər naziri Anita Orbanla Türkiyə Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.
Beynəlxalq ictimaiyyətə çağırış
Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin regional və qlobal sabitliyə yönələn əsas təhdidlərdən biri olaraq qaldığını qeyd edib.
“Biz müharibənin başlanğıcından bəri döyüşlərin Qara dənizə yayılmasının qarşısını almaq üçün çox çalışmışıq. Montrö Boğazlar Konvensiyasını ciddi şəkildə tətbiq etməyimiz və Qara Dəniz Taxıl Təşəbbüsü bu yanaşmamızın konkret nümunələri olub”, - deyə o bildirib.
Nazir mülki gəmilərə qarşı artan hücumların bölgədə insanların həyatına, əmlakın təhlükəsizliyinə, gəmiçiliyə və ətraf mühitə ciddi təhdid yaratdığını vurğulayıb.
“Bölgə ölkələri və beynəlxalq ictimaiyyət olaraq Qara dənizin yeni münaqişə cəbhəsinə çevrilməsinə əsla imkan verməməliyik. Təəssüf ki, gördüyünüz kimi, müharibə bütün cəbhələrdə genişləndikcə onun təsiri Qara dənizdə də özünü göstərir”, - deyə Hakan Fidan qeyd edib.
Qeyd edək ki, bu həftə Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında iki, Rumıniya sahilləri yaxınlığında isə bir mülki yük gəmisi pilotsuz uçuş aparatlarının hücumları nəticəsində batıb. Gəmilərdən ikisinin Türkiyə vətəndaşlarına məxsus olduğu bildirilib.
Yayın əvvəlindən bəri müharibə tərəfləri ticarət gəmilərini intensiv şəkildə hədəfə alır. Türkiyənin xarici işlər naziri Hakan Fidan avqust ayında Rusiya və Ukraynaya Qara dənizdə atəşkəsi nəzərdə tutan moratorium elan etmək çağırışı etmişdi.











