İran Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqladı | 1news.az | Xəbərlər
Dünya

İran Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqladı

Qafar Ağayev15:33 - Bu gün
İran Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) izləmə sistemlərini söndürərək Hörmüz boğazından keçməyə çalışan iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını açıqlayıb.

1news.az xəbər verir ki, SEPAH-ın yaydığı yazılı açıqlamada iki neft tankerinin izləmə sistemlərini söndürərək Hörmüz boğazından keçməyə cəhd göstərdiyi, hərəkət zamanı isə minaya düşdüyü bildirilib.

Qeyd olunub ki, hadisədən sonra hər iki gəmidə yanğın başlayıb və tankerlər hərəkətlərini davam etdirə bilməyib.

Açıqlamada İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazının bağlı qalacağı vurğulanıb. Bildirilib ki, gəmilərin ABŞ-nin təzyiqi ilə minalanmış ərazidən keçməyə çalışması oxşar hadisələrin davam etməsinə səbəb olacaq.

SEPAH-a yaxınlığı ilə tanınan yarırəsmi Defa Press xəbər agentliyinə danışan İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya da ABŞ administrasiyasına xəbərdarlıq edib.

O, ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə yanaşı, Cənub-Qərbi Asiyadan kənarda da hərbi bazalarının olduğunu və həmin ərazilərdə qüvvələr yerləşdirdiyini xatırladıb. General mümkün hərbi əməliyyata cavab veriləcəyini bildirib.

"İran Silahlı Qüvvələri hücum olacağı təqdirdə coğrafi sərhəd tanımadan ABŞ-yə məxsus bütün maddi və mənəvi hədəflərə zərbələr endirəcək", – deyə Əkrəminiya vurğulayıb.

Sözçü həmçinin Hörmüz boğazının yalnız Tehranın təklif etdiyi şərtlərin qəbul olunacağı təqdirdə açılacağını bildirib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər