Şuşanın işğaldan azad edilməsindən 6 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın işğaldan azad edilməsindən 6 il ötür

1news Redaksiyası10:30 - Bu gün
Şuşanın işğaldan azad edilməsindən 6 il ötür

Bu gün Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik yaddaşında xüsusi yeri olan Şuşa şəhərinin işğaldan azad edilməsindən altı il ötür.

1news.az xəbər verir ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 28 ildən artıq Ermənistanın işğalı altında qalan Şuşanı azad edib. Bununla da xalqımızın çoxəsrlik tarixində mühüm səhifələrdən biri yazılıb, şəhərin mərkəzində Azərbaycanın üçrəngli Dövlət Bayrağı dalğalanmağa başlayıb.

Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan edib. Bu xəbər ölkəmizdə böyük sevinc və qürur hissi ilə qarşılanıb, İkinci Qarabağ müharibəsində qələbəyə aparan həlledici mərhələlərdən biri olub.

Şuşa uğrunda döyüşlər Azərbaycan Ordusunun hərb tarixində xüsusi yer tutur. Şəhərin mürəkkəb relyefi, sıldırım qayalıqları, sıx meşələri və keçilməz dağ yolları hərbi əməliyyatları son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq nümayiş etdirərək çətin keçidlərdən, qayalıqlardan aşaraq şəhərə daxil olublar. Xüsusi Təyinatlı Qüvvələrimizin şəxsi heyəti yüngül silahlarla döyüşərək düşmənin müdafiə mövqelərini yarıb və Şuşanın azad edilməsini təmin edib.

Şuşanın azad olunması İkinci Qarabağ müharibəsinin taleyini həll edən əsas hərbi uğurlardan biri olmaqla yanaşı, Azərbaycan xalqının milli qürurunun və iradəsinin təntənəsinə çevrilib. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz şücaəti hesabına qazanılıb.

Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2023-cü il iyulun 31-də imzalanan digər sərəncama əsasən isə hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Bu gün Şuşa yenidən həyatın qaynayıb-daşdığı, quruculuğun və dirçəlişin rəmzinə çevrilən şəhərdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Şuşanın doğma sakinləri illər sonra öz yurdlarına qayıdırlar. Uzun illər həsrətlə gözlənilən bu qayıdış şəhərin həyatında yeni mərhələnin başlanğıcıdır. Burada yaşayış evləri, sosial infrastruktur, təhsil və mədəniyyət müəssisələri bərpa və inşa olunur, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Vaxtilə doğma şəhərindən didərgin düşmüş şuşalılar bu gün yenidən öz evlərinə qayıdır, küçələrində gəzir, övladlarını bu torpaqda böyüdürlər. Şuşada məktəblərin, mədəniyyət ocaqlarının fəaliyyətinin bərpası, yeni iş yerlərinin yaradılması və şəhərin iqtisadi həyatının canlandırılması onun dayanıqlı inkişafına xidmət edir.

Şuşa artıq yalnız tarixi Zəfərin rəmzi deyil, həm də Azərbaycanın beynəlxalq tədbirlər, mədəniyyət festivalları, forumlar və mühüm görüşlər üçün seçdiyi nüfuzlu məkandır. Şəhər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Türk dünyasının, regional və qlobal əməkdaşlığın gündəliyində yer alan toplantılara ev sahibliyi edir. Beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən bu tədbirlər Şuşanın tarixi və mədəni əhəmiyyətinin dünyaya tanıdılmasına, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin təşviqinə mühüm töhfə verir.

Xüsusilə Vaqif Poeziya Günləri, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı kimi ənənəvi mədəni tədbirlərin yenidən Şuşada keçirilməsi şəhərin əvvəlki şöhrətinin bərpasının bariz nümunəsidir. Bir zamanlar Azərbaycan mədəniyyətinin, musiqisinin və ədəbiyyatının beşiyi olan Şuşa bu gün də öz tarixi missiyasını davam etdirir.

Şəhərin tarixi abidələrinin, məscidlərinin, muzeylərinin və mədəni irs nümunələrinin bərpası da xüsusi diqqət mərkəzindədir. Məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil, həm də Şuşanın əsrlər boyu formalaşmış unikal memarlıq və mədəniyyət simasını qoruyub gələcək nəsillərə çatdırmaqdır.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhərin 22 min nəfərə yaxın əhalisi doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olmuşdu. İşğal zamanı 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmış, 55 nəfər isə əsir və girov götürülmüşdü.

Altı il əvvəl qazanılan Şuşa Zəfəri bu gün azad edilmiş şəhərdə yenidən qurulan həyatla, doğma yurda qayıdan sakinlərlə və dünyanın diqqətini cəlb edən tədbirlərlə öz davamını tapır. Şuşa yenidən Azərbaycanındır, yenidən yaşayır və gələcəyə inamla addımlayır.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər