Aynur Səfiyeva: Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Aynur Səfiyeva: Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır

11:32 - 24 / 02 / 2020
Aynur Səfiyeva: Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır

Bu günlərdə Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində kolorektal cərrahiyyə sahəsi üzrə çalışan yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər.

Seminardan sonra Dr.Aynur Səfiyevadan müzakirə olunan mövzu ətrafında müsahibə aldıq. Həmin müsahibəni nəzərinizə çatdırırıq.

- Cərrahiyyə tibbin çox yüksək riskləri ilə bağlı olan kifayət qədər mürəkkəb istiqamətidir. Neçə ildir Siz bu peşənin sahibisiniz? Tibbdə emosional nöqteyi-nəzərdən qadın olmaq nə dərəcədə çətindir, əməliyyat zamanı soyuqqanlı ola bilirsinizmi?

- Cərrahiyyə, həqiqətən, tibbin çox yüksək riski olan və cəsarət tələb edən  sahələrindəndir. Bu sahə təkcə yüksək risklərin olması ilə fərqlənmir, bəzən anında doğru, dürüst qərar vermək gərək olur. Mən artıq 20 ildir bu peşənin sahibiyəm, bu peşəni özüm sevərək seçmişəm. Valideynlərim əvvəl razı olmasalar da onların israrına baxmayaraq, bu peşəni seçdim. Cərrahiyyə qadınların az olduğu bir sahədir, risk tələb edən sahədir. Düzdür, əvvəllər çətin idi, ona görə ki, sevdiyin bir iş üçün nələrisə qurban verməli olursan. Amma sevdiyim bu iş üçün bu qurbanları verməyə dəyərdi...

Bəzən əməliyyat zamanı gözlənilməz hallar olur, çətin bir durumda olursan. Düşünürəm ki, həkim ən önəmli vicdanlı olmalıdır, sən hər xəstəyə öz yaxının, qohumun və əzizin kimi yanaşmalısan. Xəstənin sağalması üçün əlindən gələni etməlisən.

- Məşğul olduğunuz sahə kolorektal cərrahiyyədir. Dünya təcrübəsində bu növ xəstəliklər spektrində hazırda hansı meyillər müşahidə olunur? Kolorektal cərrahiyyə sahəsində Mərkəzi Gömrük Hospitalında hansı innovasiyalı konservativ və cərrahi müalicə metodlarından istifadə edirsiniz?

- Mən ümumi cərraham, tibb üzrə fəlsəfə doktoruyam, hal-hazırda da “kolorektal poliplərdə  kök hüceyrələrinin kliniki əhəmiyyəti”mövzusunda elmi tədqiqat işi aparıram. Bu sahə də kolorektal cərrahiyyəni əhatə edir. Kolorektal cərrahiyyə yoğun və düz bağırsaq xəstəliklərinin cərrahi müalicəsindən bəhs edən sahədir. Dünya təcrübəsində bu sahədə ən çox rast gəlinən xəstəlik  yoğun və düz bağırsağın bədxassəli törəmələridir. Biz bunların qarşısını necə ala bilərik? Təbbi ki, tarama ilə.

Yoğun və düz bağırsaq xərçənginin qarşısını almağın ən doğru yolu kolonoskopiya müayinəsidir. Yoğun və düz bağırsağın bəd xassəli törəmələrinin böyük əksəriyyəti poliplərdən yaranır. Əgər ailə anamnezi varsa mütləq şəkildə  kolonoskopiya müayinəsindən keçməsi məsləhət görülür. Mərkəzi Gömrük Hospitalında bu sahədə çox geniş işlər aparılır. Tədqiqat apardığım işin də maddi-texniki bazası məhz Mərkəzi Gömrük Hospitalıdır. Xəstənin yoğun bağırsağında polip olduqda, onu endoskopik üsulla götürüb, patohistoloji müayinəyə göndərərək, xəstələrin təqib planını hazırlayırıq. Bununla da xəstənin gələcəkdə xərçəng olmasının qarşısını almış oluruq. Bu endoskopik müalicə üsulu hesab olunur, çünki, xəstəyə endoskopik müdaxilə olunur, kəsik olmur, həmin gün evinə gedir. Həm də xəstə psixoloji olaraq rahat olur..

- Bu günlərdə Mərkəzi Gömrük Hospitalında keçirilmiş seminarın mövzularından biri “Düz bağırsaq xərçənginin cərrahi müdaxilə olmadan müalicəsi” idi. Bu gün bu ağır xəstəlikdən qurtulmaq nə dərəcədə realdır? Bu barədə bir qədər ətraflı danışardınız.

- Seminar haqqında danışarkən, öncədən qeyd etmək istəyirəm ki, bu tədbirdə bizim Türkiyədən gələn qonağımız Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin yeni seçilmiş sədri, professor Dr. Ayhan Kuzu yaxından iştirak edirdi. Prof. Dr.Ayhan Kuzu bu sahədə çox böyük təcrübəsi olan mütəxəssisdir. Çox qürurverici məqam ondan ibarətdir ki, prof. Dr.Ayhan Kuzu Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinə sədr seçiləndən sonra ilk olaraq bizim Hospitala gəldi və təcrübəsini məhz bizimlə paylaşdı. Kolorektal cərrahiyyədə cərrahi əməliyyatın doğru planlanması xəstənin əməliyyatdan sonra sağ qalmasına təsir edən əsas amillərdən biridir və məhz bizim seminarda prof. Dr.Ayhan Kuzunun təqdimatlarında da ən önəmli məsələ bunlar idi.

Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır. Əgər xəstələr vaxtında check-up müayinəsindən və kolonoskopik müayinədən keçərlərsə, şişin erkən fazalarında bunu aşkarlaya bilsək, öz sağlamlıqlarına qovuşurlar. Dünya təcrübəsi də bunu deyir. Son illərdə düz bağırsağın bədxassəli törəmələrində “gözlə və izlə” prinsipi geniş yer alır. Düz bağırsağın bədxassəli törəmələrində cərrahi müdaxilə olmadan sadəcə radioterapiya verməklə xəstəni nəzarətdə saxlamaqla müalicə etmək mümkündür.

- Seminarda ən çox verilən suallar nədən ibarət idi? Bu gün kolorektal cərrahiyyədə hansı məsələlər kəskin qoyulub?

- Seminarda ən çox verilən suallar, təbii ki, “Yoğun və düz bağırsağın bədxassəli törəmələrində doğru cərrahi müdaxilə nədir?”, “Biz necə edirik, onlar necə edir?” sualları idi. Bu, bir təcrübə mübadiləsi idi. Elə seminarın keçirilməsində də məqsəd qarşılıqlı fikir mübadiləsi, bilik mübadiləsi, təcrübə mübadiləsi idi. Hal-hazırda kolorektal cərrahiyyədə kəskin qoyulan məsələlərdən biri də xəstənin cərrahi əməliyyatdan sonrakı dövrdə onun tam sağalması, şəfa tapmasıdır. Bütün bunlar xəstəyə keyfiyyətli müalicə, doğru diaqnostika, keyfiyyətli və doğru seçilmiş cərrahi müdaxilə və xəstəyə əməliyyatdan sonra planlı şəkildə təqib müayinəsidir. Yəni bunlar çox önəmli olduğuna görə biz seminarda bu məsələləri geniş işıqlandırdıq.

- Siz Avropa Kolorektal Cərrahiyyə dərnəyinin üzvü kimi Azərbaycanda hansı işləri görürsünüz?

- Mən Avropa Kolorektal Cərrahiyyə dərnəyinin Azərbaycan üzrə milli təmsilçisiyəm, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin elmi katibiyəm. Bu iki məsul vəzifəni eyni anda daşımaq, təbii ki, çətindir, eyni zamanda məsuliyyətlidir. Nəzərinizə çatdırım ki, bizim dərnəyimiz 5 ildir fəaliyyət göstərir. Elə həmin dövrdən mən milli təmsilçi olaraq Azərbaycanı Avropada təmsil edirəm və əsas məqsədim gənc kolorektal cərrahları bu məsələyə cəlb etməkdır. Bu illər ərzində bir neçə dəfə seminarlar təşkil etmişik. Bu yaxınlarda – may ayında belə bir toplantımız gözlənilir, məqsədim Azərbaycanı Avropada tanıtmaqdır, istəyirəm bilsinlər ki, həqiqətən, Azərbaycanda da kolorektal cərrahiyyə üzrə müəyyən istiqamətdə işlər aparılır.

Mən özəlliklə həm Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, xüsusilə də Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova həm öz adımdan, həm prof.dr. Dr.Ayhan Kuzunun adından təşəkkürümü bildirirəm. Bu dəstək olmasaydı, tədbirin proqramı elmi cəhətdən çox zəngin olsa da, biz bu seminarı yüksək səviyyədə təqdim edib, həmkarlarımıza çatdıra bilməzdik.

- Maraqlı və geniş müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi  Dilara Zamanova

Paylaş:
3649

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər