ru

Siyasət

3 İyul saat 16:01

Vüqar Rəhimzadə: “Milli Şura” xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir

Vüqar Rəhimzadə: “Milli Şura” xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir

“Radikal müxalifət daim tariximizi, saxtalaşdırmağa, istismar etməyə cəhd göstərib. Dağıdıcı müxalifət düşərgəsində bir araya gələn antimilli ünsürlər mahiyyətini, siyasi yükünü və digər keyfiyyətlərini anlamadan Rəsulzadəni, Müsavatı, Cümhuriyyət dəyərlərini təcavüzə məruz qoyublar. Bu gün müsavatçılığın mahiyyətini anlamayanlar Müsavat Partiyasının, milli xalq hərəkatının hansı məqsədlər üçün yarandığını unudanlar AXCP-nin timsalında bir siyasi partiyanı dələduzlar, cinayətkarlar yuvasına çeviriblər. Belə bir dələduzlar dərnəyindən biri də məhz “Milli Şura” adlanan amorf qurumdur. “Milli Şura”nın ətrafında toplaşanların  fəaliyyətlərinin təhlili birmənalı olaraq belə bir fikir söyləməyə əsas verir ki, bu qurum xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir, antimilli düşərgədir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, 2013-cü ildə xəyanət və satqınlıq simvolu kimi yaradılan “Milli Şura” da Müsavat və AXCP kimi tariximizin istismarı üzərində qurulmuşdu: “Heç kəsə sirr deyil ki, 1918-ci ildə yaradılmış müvəqqəti “Milli Şura” Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinə gedən yolda bir platforma olmuşdu. Lakin 2013-cü ildə eyniadlı təşkilat yaratmaqla əslində xalqa və dövlətə xəyanət yolunu tutanlar bununla da tariximizi təhrif etməyə, onu barbarcasına istismar etməyə cəhd göstəriblər.

“Milli Şura” bir anti-Azərbaycan layihəsi olaraq xarici ölkələrin birinin  paytaxtında qurulub ölkəmizə ixrac olunan bir xəyanət layihəsi idi. Hələ 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyadakı anti-Azərbaycan qüvvələrin maliyyə dəstəyi ilə yaradılan bu üzdəniraq dərnək  çevriliş yolu ilə hakimiyyəti ələ almaq niyyətini güdürdü. Əlbəttə ki, “Milli Şura” layihəsinin mahiyyətindəki bu planı Əli Kərimli, Cəmil Həsənli kimilər də bilir və etiraf edirdilər. Bir sözlə, “Milli Şura” niyyəti və fəaliyyəti ilə əslində antimilli “şura” olduğunu hər kəs gördü. O, xalqın deyil, ermənipərəst dairələrin, Azərbaycan xalqının və dövlətinin düşmənlərinin ölkəmizdəki maşası oldu. Elə bu səbəbdən də xalq 2013-cü ildə mayası xaricdən olan antimilli “şura”ya birmənalı “yox” dedi. Əlbəttə ki, xalqın təpkisindən nəticə çıxaran bəzi siyasi partiyalar və təşkilatlar vaxt itirmədən antimilli “şura”nı tərk etdilər. Çünki onun ləkəli, xəyanətkar imici yaxşı heç nə vəd etmirdi. Amma bəlli səbəblərdən antimilli “şura”nın yalnız Əli Kərimli və Cəmil Həsənli kimi “çürümüş dirəkləri” həmin xəyanət yoluna “sadiq” qaldılar.”

Vüqar Rəhimzadə vurğulayıb ki, son bir neçə həftə ərzində antimilli “şura”nın ictimailəşən onlayn iclaslarında səslənən fikirlər, edilən qeybətlər və atılan şər-böhtanlar dərnəkdə birləşənlərin xəyanətkar mahiyyətlərini bir daha ortaya qoyur: “Artıq antimilli “şura”nın başında duranlar o qədər azğınlaşıb və quduzlaşıblar ki, xalqı ələ salmaqdan, onun ağır gününə sevinməkdən belə çəkinmirlər. Hər kəs xatırlayır ki, antimilli “şura”nın onlayn iclasında Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsinə görə çox sevinir. İclasda Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin", - deyə bildirir. Cəmil Həsənli isə "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm", - deyə vurğulayır.

Əlbəttə ki, bu antimilli “şura”nın “ştatnikləri” bir şeyi unudurdular ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri– ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər sevinə bilərlər. Bu xəbəri eşitdikdən sonra onların sevinmələri, qəhqəhə çəkib gülmələri Azərbaycan xalqına olan nifrətlərinin bariz göstəricisidir. Bəlkə də elə bü səbəbdən idi ki, sosial şəbəkədə yayımlanan bu videogörüntüyə şərh yazan insanlar onları düşmən, xain adlandırdılar.

Bu günlərdə yayılmış videoda Qənimət Zahidin “bizim işimiz hakimiyyəti şərləməkdir”, Vahid Məhərrəmlinin isə “xalq elə başa düşsün ki, biz onların qayğısını çəkirik” demələri antimilli “şura”nı bir daha ifşa etmiş oldu.

Bütün bu faktlar onu sübut edir ki, antimilli “şura”da yer alanlar xalqımızın və dövlətimizin ancaq pis gününü arzulayırlar. Onlar üçün hər bir uğur dərd, xoşagəlməz hadisə isə sevincdir. Təsəvvür edin ki, son 1 ay ərzində Avropa İttifaqı Azərbaycan dövlətinin, xalqının milli maraqlarına tam cavab verən qərarlar qəbul etdi, lakin antimilli “şura” susdu, danışmadı. Lakin Kür çayında təbii hadisələrə görə quruma prosesi getdi, bir neçə ətraf yaşayış məntəqəsində su olmadı, fürsət elə budur deyib, antimilli “şura” bu məsələni də hakimiyyət əleyhinə çevirmək üçün güclü ləkələmə kampaniyası başlatdı. İndi kim deyə bilər ki, antimilli “şura”dakılar xalqımızı düşünürlər? Orada yer alanları azərbaycanlıların həyat səviyyəsi, yaşamı maraqlandırırmı? Xeyr.”

Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan xalqı bir dəfə antimilli ruhluları tarixin zibilliyinə yollayıb: “1992-ci ildə xalqın iradəsinin əksinə silah gücünə hakimiyyəti qəsb edən antimilli AXC-Müsavat tandemini insanlarımız cəmi 13 ay sonra qovdu. Xalq Dağlıq Qarabağın işğalına yol açmış, ölkədə vətəndaş müharibəsi, aclıq, səfalət başlatmış bir antimilli hakimiyyətə dözmək fikrində deyildi və lazım olanı etdi. Bu gün də eyni xəyanət yolunu tutmuş “Milli Şura”dakı Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin satqınlıqlarına xalq yenidən layiqli cavabı verəcək. Hakimiyyət qarşılığında Qarabağı qurban verməyə hazır olan antimilli “şura”nın növbəti dəfə qovulması daha rüsvayçı ola bilər. Ona görə də nə qədər gec deyil bu şər yuvasında birləşənlər üzdəniraq “Milli Şura”anı buraxsalar və xəyanət yolundan çəkilib siyasətdən getsələr onlar üçün daha yaxşı olar.  Əks halda Azərbaycan xalqı onların növbəti xəyanətini də  bağışlamayacaq, bu dəfə tarixin daha dərin, daha üfunətli zibilliyinə atacaq.”

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur