Təcrid olunmuş Ermənistan: xilaskar axtarışında
"İpək Yolu" üzrə iqtisadi zolağın yaradılması layihəsinin reallaşmağa başlaması qonşu ölkənin siyasi dairələrində narahatlıq yaradıb. Analitiklər və ekspertlər Ermənistanın həmin nəhəng layihədən kənarda qalmasının səbəblərini axtarır, müxtəlif fikirlər söyləyirlər.
Onların sırasında daha çox rast gəlinən İrəvanın yarıtmaz xarici siyasət yürütməsinin qeyd olunmasıdır. Ölkənin öz suverenliyini təmin edə bilmədiyi və rəsmi dairələrin müstəqil qərarlar qəbul etmək iqtidarında olmadığı ayrıca vurğulanır. Maraqlıdır ki, erməni ekspertlər cəmiyyətin də kölə psixologiyasından xilas olmadığından danışırlar. Bunların da nəticəsi olaraq Ermənistanın beynəlxalq layihələrə qatılması şansının minimuma bərabər olduğu barədə fikirlər səsləndirilir.
"İpək Yolu"nun kənarında: rəsmi İrəvanın göz yaşları
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Çinə son səfərinin nəticələri Cənubi Qafqazın geosiyasi dinamikasına artıq ciddi təsir göstərməkdədir. Bölgə ölkələrinin rəsmi dairələri bu hadisəyə reaksiya verirlər. Ermənistan isə daha həssas münasibət göstərib. Ermənilər həyəcanlıdırlar və narahatlıqlarını müxtəlif formada bildirirlər. Onlar özləri də yeritdikləri siyasətin real məzmununu anlamaq iqtidarında deyillər. Bu baxımdan onların narahatlığı başadüşüləndir. İndi keçirdikləri qorxu və təlaş hissləri də məhz bu birtərəfli düşüncə tərzi ilə bağlıdır.
Ermənistanın "İpək Yolu" layihəsindən kənarda qalmasının konkret səbəblərini təhlil etməzdən öncə bir məqamı vurğulamaq istərdik. Prezident İlham Əliyevin Çinə səfəri olduqca səmərəli olub və bütövlükdə Cənubi Qafqaz regionunun siyasi-iqtisadi və geosiyasi həyatına ciddi təsir göstərməkdədir. Erməni ekspertlər aşkar və ya qeyri-aşkar şəkildə bunu etiraf edir, bunun fonunda isə Serj Sarkisyanın həyata keçirdiyi siyasətin yarıtmazlığını vurğulayırlar. Məsələn, konstitusiya islahatlarına dair referendumdan sonra rəsmi İrəvana iradlar bildirilir. Eyni zamanda, Azərbaycanın xarici siyasətdə qazandığı nailiyyətlər Ermənistan rəhbərliyini hakimiyyətdə qalmaq üçün müxtəlif vasitələrə əl atmağa təhrik edir (bax: məs., Акоп Бадалян. Серж Саркисян начинает / "Lragir.am", 15 dekabr 2015).
Erməni ekspertlər onu da israrla vurğulayırlar ki, ölkənin təcrid olunmasının əsas səbəblərindən biri İrəvanın yanlış xarici siyasətidir. Bu, maraqlı məqamdır, çünki indiyə qədər ermənilər bütün bəlaların baiskarı kimi Azərbaycan və Türkiyəni ittiham edirdilər. Görünür, artıq həqiqəti etiraf etmək vaxtı çatıb. Erməni siyasi şüurunun nə dərəcədə bu məsələdə davamlı olacağını zaman göstərəcək.
"İpək Yolu" layihəsi isə artıq həyata keçməyə başlayıb. Çinin uzaq əyalətindən başlayan marşrut Mərkəzi Asiya ölkələrindən keçməklə Azərbaycan və Gürcüstan vasitəsi ilə Türkiyəyə uzanır, oradan da Avropa dövlətlərinə istiqamətlənir. Çindən İstanbula yük qatarı 14-15 günə çatır ki, bu da gəminin sərf etdiyi vaxtdan 3 dəfə azdır. Göründüyü kimi, Ermənistan bu marşrutdan kənarda qalır. Onun bura qoşulması üçün isə yeganə şərt işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir. Doğrudur, erməni ekspertlər alternativ marşrutların işə salınması ehtimalından yazırlar.
Məsələn, onlar Çin-Türkmənistan-İran xəttinin işə salınmasının mümkünlüyünü qeyd edirlər (bax: Армения останется в стороне, если не присоединиться к железнодорожному проекту "Шелковый путь" / "Lragir.am", 14 dekabr 2015). Lakin erməni ekspertlər iki mühüm faktoru unudurlar.
Onlardan birincisi Azərbaycanla Çinin bir-birinin ərazi bütövlüyünü tanıması haqqında razılığa gəlmələridir. Pekin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həllinə tərəfdardır. Bakı isə "Vahid Çin" prinsipini qəbul edir. Çətin ki, tərəflərdən hansısa bu razılaşma çərçivəsindən kənara çıxmaq istəsin.
İkincisi, erməni ekspertlərin özləri xüsusi vurğulayırlar ki, Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, Moskvanın icazəsi olmadan İrəvanın istənilən böyük beynəlxalq layihəyə qoşulması mürəkkəb məsələdir (bax: məs., Наира Айрумян. Армения теряет последний шанс / "Lragir.am", 14 dekabr 2015). Çinin həyata keçirdiyi "İpək Yolu" layihəsinin marşrutu isə Rusiya ərazisinə düşmür. Bu səbəbdən çətin ki, Kreml özündən asılı olan Ermənistanın bu işdə iştirak etməsinə razı olsun.
Digər tərəfdən, Ermənistan yalnız İran vasitəsilə həmin layihəyə qoşula bilər. Bunun üçün iki ölkə arasında dəmiryolu xətti çəkilməli, əlavə olaraq Gürcüstanın razılığı alınmalıdır. Bir tərəfdən Moskva İran-Ermənistan əlaqələrinin dərinləşməsinə qısqanclıqla yanaşır, digər tərəfdən də Gürcüstan istər-istəməz Türkiyə və Azərbaycan faktorunu nəzərə almalıdır. Bunlar rəsmi İrəvanın "İpək Yolu" layihəsində iştirak şansının minimum olduğunu göstərir.
Xəbərdarlıq: xarici siyasətini müstəqilləşdir!
Son zamanlar Ermənistan KİV-də ABŞ-ın İrəvana təzyiq göstərməsi haqqında tez-tez məlumatlar yayılır. Ölkə konstitusiyasına dəyişikliklərə dair referendumdan sonra bu, daha qabarıq surətdə özünü göstərir. Ekspertlər Vaşinqtonun həmin addımının arxasında ilk növbədə İrəvanın müstəqil xarici siyasət yeritməməsinin dayandığını vurğulayırlar (bax: "168 Жам": почему США угрожают Армении санкциями? / "1in.am", 15 dekabr 2015).
Şübhəsiz ki, Qərbin Ermənistana münasibətində bu faktor ciddi rol oynayır. ABŞ artıq İrəvanın Rusiyadan tam asılı siyasət yeritməsinin regiondakı maraqlarına mane olduğunun fərqindədir. Xüsusilə referendumun nəticələrinin Serj Şarkisyanın xeyrinə saxtalaşdırılması bu vəziyyətin uzun müddət qala biləcəyinə işarədir. Həmin səbəbdən ABŞ-ın Ermənistandakı səfirliyi rəsmi İrəvana öz etirazını bildirib (bax: Посольство США предупреждает / "Lragir.am", 14 dekabr 2015).
Belə çıxır ki, Ermənistanın xarici siyasət kursu dalana dirənib. Artıq onun əvvəlki kimi manevr etmək imkanları yoxdur. Ekspertlər də məsələnin bu tərəfini ayrıca vurğulayırlar. Onlar rəsmi İrəvanın erməni xalqını öz xarici siyasətinin qurbanına çevirdiyini yazırlar. Bu aspektdə A.Qaqriyanın aşağıdakı fikirlərinin həqiqəti müəyyən dərəcədə əks etdirdiyini demək olar.
O, vurğulayır: "...Rusiyanın təcrid siyasəti ona gətirib çıxardı ki, Ermənistan bütün regional layihələrdən kənarda qaldı. Ermənistan Rusiya ilə bir çox sənəd imzalayıb ki, onlar "üçüncü ölkələrlə" əməkdaşlığı məhdudlaşdırır. Bu, necə deyərlər, məsələnin obyektiv tərəfidir, ancaq suveren xarici siyasətin və müstəqil qərar qəbul etmənin yoxluğundan qaynaqlanan dərin problemlər də vardır..." (bax: Айказн Гагриян. Китайский вызов Армении / "Lragir.am", 15 dekabr 2015). Əlbəttə, reallığı nəzərə almadan, əsassız ambisiyalara uyaraq birtərəfli siyasət yeritməklə heç bir uğur əldə etmək mümkün deyildir.
Rəsmi İrəvanın yürütdüyü xarici siyasətin bundan az olmayan zərəri cəmiyyətin ictimai şüurunda baş verən mənfi dəyişikliklərlə bağlıdır. Belə ki, ekspertlər erməni cəmiyyətinin suveren olmaq qabiliyyətini itirdiyini qeyd edirlər. İllərlə güc hesabına yeridilən ideologiya insanların dəyərlər sistemini təhrif edib, ictimai-siyasi həyat dinamikadan düşüb. Korrupsiya isə vətəndaşların dövlətə olan inamını heçə endirib. Ermənistan cəmiyyəti sosial ədalətin bərqərar olacağına inamını itirib. A.Qaqriyan qeyd edir ki, bunlar cəmiyyətin keyfiyyətinə mənfi təsir göstərib, onun dövlətlə bir yerdə müstəqil qərar qəbul etmək imkanlarını minimuma salıb. Kifayət qədər suverenlik səviyyəsi və müstəqil qərar qəbul etmək qabiliyyəti olmayan bir ölkəni isə qlobal kommunikasiya və beynəlxalq layihələrə daxil edə bilməzlər (bax: əvvəlki mənbəyə).
Bizcə, indi Ermənistanın qarşılaşdığı çətinliklərin kökündə başqaları ilə yanaşı məhz bu məqam durur. Maraqlıdır ki, bunu erməni analitik və ekspertlər yalnız indi etiraf edirlər. Halbuki illərdir müxtəlif səviyyələrdə mütəxəssislər bu barədə fikir bildirirdilər. Görünür, artıq Ermənistan cəmiyyəti də siyasi saxtalıqların "doyma nöqtəsi"nə çatıb. Bu məqamda Qərb üçün də əhəmiyyəti olan bir faktoru yada salmaq istərdik.
Uzun illərdir ki, Qərbin siyasi institutları, beynəlxalq təşkilatları, insan haqları və demokratiyanın vəziyyətini "araşdıran" mərkəzlər hesabatlarında Ermənistanda vəziyyətin daha yaxşı olduğu barədə pafoslu fikirlərə yer verirdilər. İndi isə hətta rəsmi səviyyədə bəyan edirlər ki, Ermənistanda demokratiya, insan haqları, seçki hüququ ilə bağlı vəziyyət acınacaqlıdır. ABŞ-ın bu ölkədəki səfirliyi verdiyi bəyanatda həmin məqama toxunub (bax: Посольство США предупреждает / "Lragir.am", 14 dekabr 2015).
Görəsən, Qərbin siyasi dairələri ikili standartlar siyasətinin bu cür ziddiyyətlərindən ibrət dərsi götürürlərmi? Azərbaycanla bağlı bir-birinin ardınca tərtib etdikləri həqiqətdən uzaq müddəalarla dolu sənədlərə bir nəzərə salıb, hansı hissləri keçirirlər? Qərbin böyük ehtiyacı olduğu "İpək Yolu" ilə "ikili standartlar yolu" nə dərəcədə bir-birini tamamlayır? Gərək ki, bu cür suallar Vaşinqtondan tutmuş Pekinə qədər çoxlarını düşündürsün!