Pakistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanı dəstəkləyir
Fevralın 5-də Pakistanın Azərbaycandakı səfirliyi Kəşmirlə Həmrəylik gününə həsr olunmuş tədbir təşkil edib.
1news.az-ın xəbərinə görə, jurnalistlər qarşısında çıxış edən Pakistan səfiri Xalid Osman Qayser qeyd edib ki, 1990-cı ildən etibarən hər il fevral ayının 5-də onun ölkəsi Kəşmirlə Həmrəylik gününü qeyd edir.
Onun sözlərinə görə Hindistanın təcavüzü nəticəsində Kəşmirdə 94 233 nəfər öldürülüb, 106,041 ev dağıdılıb, 10151 qadın təcavüzə məruz qalıb.
“Hindistanın Kəşmirə qarşı təcavüzü təkcə regiondakı sülh və təhlükəsizlik üçün deyil, bütün dünya üçün problem yaradır”- o, deyib.
Xalid Osman Qayser Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərinin oxşarlığına diqqət çəkdi.
“BMT-nin qətnamələrinə əməl olunmur, insan haqları pozulur, dini abidələr təhqir olunur, bu ərazilərdə demoqrafik vəziyyəti dəyişmək cəhdləri həyata keçirilir”,- deyə, səfir qeyd edib.
Səfir, həmçinin, qeyd edib ki, AR Kəşmir məsələsində İslamabadı dəstəklədiyi kimi, Pakistan da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanı dəstəkləyir.
1news.az